Nəsimi rayonunun Ağadadaş Qurbanov 27 ünvanında aparılan söküntü işləri sakinlərin narazılığına səbəb olub.
Bununla bağlı “Qafqazinfo”ya adıçəkilən ərazidə yaşayan sakin Tofiq Şirinov müraciət edib.
Onun sözlərinə görə, “Vialon” MMC-nin orada apardığı söküntü işləri ərazidəki bir çox evə zərər vurub. 20 ailə şirkətin gördüyü işlərdən narazıdır: “Evlərimizin divarları çatlayıb. Şirkət qanunlara məhəl qoymur. Təhlükəli şəraitdə yaşayırıq. Yaşayış yerində söküntü işlərinin aparılması nə dərəcədə düzgündür? Bu, birbaşa qanunaziddir. 20 ailə çarəsiz vəziyyətdə qalıb. Pəncərəmiz də bağlanıb, evə gün işığı belə düşmür. Bu cür şeylər sanki sakinlərə qarşı olan psixoloji basqıdır”.
Şikayətçinin iddiasına əsasən, ərazidəki işçilər də təhlükəli vəziyyətdə çalışırlar: “O işçilər yıxılsa, nə olacaq? Söküntünün dayandırılması ilə bağlı FHN əraziyə baxış keçirib. Nəticədə söküntü dayanmışdı, lakin “Vialon” MMC yenidən ərazidə işlərə davam edir”.
Sakinlərin iddiaları ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) ilə əlaqə saxladıq. Qurumdan saytımıza cavab olaraq bildirildi ki, ərazidə söküntü işlərinin dayandırılması barədə tədbirlər görüləcək: “Bakı Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, Ə.Hüseyzadə, B.Məcidov və A.Qurbanov küçələrinin kəsişməsində yerləşən 1.07 ha torpaq sahəsi icarə əsasında “Vialon” MMC-nin istifadəsinə verilib.
Sözügedən ünvanda “Vialon” MMC tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamının müvafiq bəndinə əsasən, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinə vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılıq əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməlidir. Sərəncamın icrasına nəzarət Nəsimi Rayon İcra Hakimiyyətinə həvalə edilib.
Son günlərə qədər göstərilən ünvanda sakinlərin köçürülməsi və boşaldılmış evlərin qapı, pəncərə və dam örtüyü konstruksiyalarının söküntü işlərinin aparılması müşahidə edilib.
Lakin, 26.07.2024-cü il tarixində aparılmış baxış nəticəsində müəyyən edilib ki, qeyd olunan ərazidə inşaat texnikası cəlb edilmədən boşaldılmış evlərin divarlarının qismən sökülməsi aparılıb. Bu işlərin dayandırılması barədə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qaydalarla müəyyən edilmiş tədbirlər görüləcək”.
Məsələ ilə bağlı “Vialon” MMC-nin mövqeyini öyrənmək cəhdlərimiz nəticəsiz qalıb.
Məsələ işıqlandırıldıqdan sonra “Vialon” şirkətinin direktor müavini Ramil Qasımov saytımızla əlaqə saxlayaraq açıqlama verib:
“Orada söküntü zamanı heç bir evə zədə dəyməyib. Sakinin müraciəti əsassızdır. Sakin Tofiq Şirinovun dedikləri şər və böhtan xarakteri daşıyır. O, dəfələrlə bir çox yerə şikayət edib. Lakin onun evinə şirkət tərəfindən heç bir zərər vurulmayıb.
Ağadadaş Qurbanov, Balabala Məcidov, Əli bəy Hüseynzadə və Cəlil Məmmədquluzadə küçələrinin əhatə etdiyi ərazidə 4 mərtəbəli müasir Təhsil Kompleksinin inşası nəzərdə tutulub. Həmin ərazidəki sakinlərin əksəriyyəti ilə razılıq əldə olunub. Kompensasiyalar isə verilib”.
Fidan Etibar