Göygöl rayonunun Üçtəpə kəndinin əsas yolunun dağılmış vəziyyəti sakinlərin gediş-gəlişini çətinləşdirib.
Bununla bağlı redaksiyamıza şikayət daxil olub.
Qeyd olunub ki, kənddaxili əsas yollar keçilməz vəziyyətdədir.
"Hər dəfə yağış-qar yağanda isə vəziyyət daha da çətinləşir. Uşaqlar ayaqlarına sellofan torba geyinib məktəbə getməli olurlar. Çalalara düşən maşınlar da çox tez sıradan çıxır", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Qızılca-Üçtəpə bələdiyyəsinin sədri Rza Məmmədov Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.
O bildirib ki, ilin müxtəlif dövrlərində bələdiyyənin vəsaiti hesabına daxili yollarda cari təmir işləri aparılır.
"Yerli əhəmiyyətli məsələlərin həlli və yerli infrastukturun yaxşılaşdırılması bələdiyyələrin vəzifə səlahiyyətinə aiddir və bələdiyyənin yerli büdcəsi digər sahələr, o cümlədən, vətəndaşların ödəyəcəyi müvafiq vergilər hesabına formalaşır.
Nəzəriniz çatdırırıq ki, bələdiyyə büdcəsində toplanan vəsaitdən asılı olaraq həm qeyd olunan küçədə, həm də ətraf küçələrdə cari təmir işlərinin aparılması nəzərdə tutulub. Hava şəraitinə uyğun olaraq işlərin aparılması həyata keçiriləcək", - deyə bələdiyyə sədri vurğulayıb.