Bakıda taksi sürücüsü arxa oturacağa keçərək qadın müştəriyə əxlaqsız hərəkət etdi

 26-07-2024

Bakıda sərnişinə qarşı seksual xarakterli hərəkətlər edən taksi sürücüsü Yusif Quliyevin (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət hadisəsi ötən ilin iyununda baş verib.

Belə ki, Nadya Vasilyevna (ad-soyad şərtidir) həmin tarixdə gecə saat 03:00 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanına getmək məqsədilə komfort taksi sifariş edib.

Xaricə gedən qadının məhkəmədə verdiyi ifadəsinə görə, aeroport istiqamətində hərəkət edən zaman sürücü avtomobili aşağı sürətlə sürüb və bu zaman qadına əxlaqsız təkliflər edib.

Bir müddət sonra isə Mərdəkan şosesində qəza işıqlarını yandıraraq avtomobili saxlayıb və sürücü arxa oturacağa keçərək qadına qarşı seksual xarakterli hərəkətlər edib. Qadının ifadəsinə görə, Yusif Quliyev onu hadisə barədə heç kimə məlumat verməməklə bağlı təhdid edib.

Qadın isə aeroporta çatanda təyyarəyə minib və xarici ölkələrdən birinə gedib. Orada hadisədən təsirlənən Nadya Vasilyevna affekt vəziyyətinə düşüb və psixoloqa müraciət edib.

Bundan sonra qadın hadisə barədə yaxınlarına məlumat verib və o, yenidən ölkəyə qayıtdıqdan sonra sürücünün əməli ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Məhkəmədə təqsirləndirilən şəxs ona qarşı sürülmüş ittihamı qəbul etməsə də, müşahidə kameralarında Yusif Quliyevin magistral yolda avtomobili 20 dəqiqə saxladığı, ön oturacaqdan düşüb arxa oturacağa keçdiyi müəyyən edilib. Məhkəmə tibbi-ekzpertizasında da qadına qarşı zorakılıq törədildiyi öz təsdiqini tapıb.

Maraqlıdır ki, Yusif Quliyev qadına təcavüz etdikdən sonra telefonu onun əlindən alaraq tətbiqdən özünə "beş ulduz" verib.

Qeyd edək ki, taksi sürücüsü Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə təqsirli bilinib.

Bənzər yazılar

0.11594796180725