Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu xırdabuynuzlu və iribuynuzlu heyvanların identifikasiyası üçün istifadə olunan birkaların satın alınması üzrə 29.04.2024-cü ildə başladığı tendr müsabiqəsinə yekun vurub və “PLASTPROF” (VÖEN – 1308539401) Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 460.200 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır. İnstitut bu barədə məlumatı dövlət satınalmalarının vahid internet portalına 12.07.2024-cü il tarixində yerləşdirib.
Tenderin şərtlər toplusuna görə “Plastprof” MMC İnstitutu 100.000 cüt xırdabuynuzlu heyvanlar üçün nömrələnmiş vizual birka ilə, 350.000 cüt isə iribuynuzlu heyvanlar üçün nömrələnmiş vizual birka ilə təmin etməlidir.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu sözügedən şirkətlə bir satınalma müqaviləsi də 23.01.2024-cü ildə bağlayıb. Bu müqavilənin şərtlərinə görə “Plastprof” MMC 589.964,6 manata iribuynuzlu heyvanlar üçün nömrələnmiş 500 min cüt vizual birka, atlar və dəvələrin identifikasiyası üçün istifadə olunan 3 min ədəd radiotezlikli nişanlanma vasitələri ilə təmin etməli olub.
Göründüyü kimi Qida Təhlükəsizliyi İnstitutu son 6 ay ərzində “Plastprof” MMC ilə ümumi dəyəri 1 050 164 manat olan iki satınalma müqaviləsi bağlayıb. Hazırda “Plastprof” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına olan vergi borcu 101 980.61 manat təşkil edir.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Plastprof” MMC müsabiqə elanından cəmi bir ay əvvəl – 3 oktyabr 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb. Tender müsabiqəsi isə 7 noyabr 2023-cü il tarixində elan olunub.
Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Nazim Hikmət, ev 26/76, m. 30-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əmirov Elməddin Zahir oğludur. MMC-nin ilk qanuni təmsilçisi Hüseynov Mirhəbib Etibar oğlu olub.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Bunlardan əlavə Qida Təhlükəsizliyi İnstitutu Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 494 nömrəli Qərarının tələblərini də ciddi şəkildə pozub. Belə ki, keçirilən müsabiqədə maliyyə imkanlarının və oxşar təcrübələrin qiymətləndirilməsinə dair tələblərin “Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları”na demək olar əməl olunmayıb.
Cəmi bir ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə malik olacağı aydın deyil.
Qalib şirkət haqqında yeganə məlumat oldur ki, MMC-nin qanuni təmsilçisi Əmirov Elməddin Zahir oğlu 20 Noyabr 2023-cü il tarixində Nərimanov rayonu, Ələsgər Qaibov ev 12, m. 1222 ünvanında dövlət qeydiyyatına alınan “Optimus Auto” MMC (VÖEN -1506599781) adlı şirkətin də qanuni təmsilçisidir.
Qeyd edək ki, Qida Təhlükəsizliyi İnstitutunun direktoru Əli Nəbiyevdir. 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirmiş Əli Nəbiyev Ədliyyə Nazirliyində, “Azərbaycan Dəmir Yolları” QSC-də müxtəlif vəzifələrdə çalışıb. 21 iyul 2023-cü ildə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin əmri ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Görsənən odur ki, gənc kadr, ixtisasca hüquqşünas olan Əli Nəbiyev Qida Təhlükəsizliyi İnstitutunun keçirdiyi dövlət satınalmalarına ya nəzarət edə bilmir, ya da qanunların pozulmasına elə özü birbaşa şərait yaradır. Amma burada bir məsələni də unutmamaq lazımdır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərir. Burada Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin razılığı olmadan kimsə bu boyda qanunsuzluğa, riskə gedə bilməz.
Mənbə Aktualinfo.org