Eldar Mahmudovun evinin qarşısında ETİRAZ AKSİYASI KEÇİRİLİB

 01-09-2022

“MTN işi”ndə zərərçəkənlər keçmiş nazirin bağ evinin qarşısına toplaşıb

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) general və polkovniklərinin işi üzrə zərərçəkmiş kimi tanınan şəxslər keçmiş nazir Eldar Mahmudovun bağ evinin qarşısında etiraz aksiyası keçirib.

Vaxtilə saxta ittihamlarla qanunsuz həbs olunduqlarını, yaxınlarından külli miqdarda pul alınandan sonra həbsdən buraxıldıqlarını deyən zərərçəkmişlər onlara vurulan ziyanın ödənilməsini tələb edirlər.

Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun bağ evi Nardaranda yerləşir. Etiraz edən vətəndaşlar ora çatanda sabiq nazirin bağ evinin qarşısına xeyli sayda polis əməkdaşı toplaşmışdı.

Etirazçılar əllərində “Təhdidlə ailələrimizdən aldığınız pulları qaytarın!”, “Azərbaycan dövlətinə güc göstərməyin, pullarəmızı qaytarın!”, “Bizə qarşı cinayətinizi qiyamət də örtməz!” yazılmış plakatlar qaldırıblar.

Onlar bildirib ki, bu gün məhkəmə qarşısına çıxarılanlar sadəcə, icraçılardır. Onlara qarşı törədilmiş cinayətlərin arxasında daha böyük fiqurlar dayanıb. Etirazçılar Eldar Mahmudovun, sabiq Baş prokuror Zakir Qaralov və birinci müavini Rüstəm Usubovun adlarını çəkiblər. Onlar iddia edir ki, MTN-də ailələrindən alınan pulların böyük bir hissəsi bu şəxslərə çatıb.

Zərərçəkmişlər Eldar Mahmudov, Zakir Qaralov və Rüstəm Usubovun da həbsini tələb ediblər.
Hazırda Bakı Hərbi Məhkəməsində uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev və onun tabeliyində işləmiş üç polkovnik – şöbə rəisləri Yasin Məmmədov, Vüsal Ələkbərov, eləcə də metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun məhkəməsi gedir.

2021-ci ilin aprelindən həbsdə olan Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir.

Təqsirləndirilən keçmiş MTN-çilərdən yalnız general həbsdədir, digər 3 nəfər haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Yasin Məmmədov MSK-nın keçmiş katibi, daha sonra sədr müavini olmuş Natiq Məmmədovun qardaşıdır.
Sahib Ələkbərov və Yasin Məmmədov MTN-dən çıxarılandan sonra vəkil kimi fəaliyyət göstərməyə başlayıb. Onların hər ikisi Vəkillər Kollegiyasının üzvüdür.

Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

Eldar-Mahmudovun-evinin-qarsisinda-etiraz-aksiyasi-scaled Eldar-Mahmudovun-evinin-qarsisinda-etiraz-aksiyasi1 Eldar-Mahmudovun-evinin-qarsisinda-etiraz-aksiyasi2

Bənzər yazılar

0.1427640914917