Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Ölkə.az" xəbər verir ki, "11 min nəfərin Qərbi Azərbaycanda məskunlaşmasına hazırlıq gedir" adlı süjetdə Naxçıvanda keçirilən "Qərbi Azərbaycana qayıdış" festival-konqresinin Ermənistanda ciddi müzakirələrə səbəb olduğu, xüsusilə festivalın açılışının Zəngəzur Milli Parkında edilməsi, bu bölgənin coğrafi baxımdan, tarixi Qərbi Azərbaycan torpaqları ilə yaxınlığı ermənilərdə narahatlıq yaratdığı bildirilib.
Belə ki, erməni politoloq Vardan Balyanın iddiasına görə, 11 min azərbaycanlının Sisian rayonuna (Qarakilsə) qayıdışına hazırlıq aparılır:
"Qərbi Azərbaycana qayıdış" festivalının məqsədlərindən biri də bu prosesə hazırlaşmaqdır. İlkin olaraq 11 min azərbaycanlının qayıdışı təmin olunacaq və onlar Sisian rayonunda məskunlaşacaqlar. Ermənilər son dövrlər Sisian rayonunu sürətlə tərk edirlər, azərbaycanlılar boşalan rayona yerləşəcəklər. 11 min ilkin siyahıdır, bu rəqəm getdikcə daha da çoxalacaq".
Diqqətə çatdırılıb ki, son dövrlər Sisian adlandırılan Qarakilsə rayonu sürətlə boşaldılır. Qarakilsədə yaşayan ermənilərin sayı 32 minə, şəhərin özündə isə 13 minə düşüb. 2022-ci ildə sərhəddə baş verən döyüşlərdən sonra Qarakilsədəki ermənilər bölgəni sürətlə tərk etməyə başlayıblar. Erməni ekspertlərin fikrincə, azərbaycanlıların Qərbi Azərbaycana qayıdış prosesi məhz Qarakilsədən başlaya bilər.
Süjetdə Prezident İlham Əliyevin Kanadanın Azərbaycana yeni təyin olunmuş səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən dediyi fikirlərə, eləcə də Ermənistan mediası və ekspertlərinin son hadisələr - İranda Prezident seçkisinin nəticələri, Türk Dövlətləri Təşkilatının Şuşa Zirvə toplantısı, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində iştirakı haqqında şərhlərinə yer verilib.
Erməni politoloq Stepan Danielyanın sözlərinə görə, Azərbaycan böyük ölkə olmasa da, bütün mərkəzlərlə işləməyi bacarır:
"Həm Rusiya, həm Çin, həm də ABŞ Azərbaycanla işləməkdə maraqlıdır. Təbii ki, bu, Bakının əlini gücləndirir və Ermənistan qarşısında tələblərini genişləndirmək imkanı qazandırır. Azərbaycanda anlayırlar ki, onların rəsmi İrəvan qarşısında irəli sürdüyü tələblərə qarşı çıxacaq və Ermənistanın mövqeyini müdafiə edəcək qlobal oyunçu yoxdur, əksinə, böyük güclər Azərbaycanla işləmək üçün ona istədiyini verə bilərlər. Ermənistanın isə regionda yeganə döyə biləcəyi İran qapısı bağlanacaq".
Sonda vurğulanıb ki, geosiyasi proseslərin regiona təsiri fonunda hadisələrin inkişafı rəsmi Bakının İrəvan qarşısında irəli sürdüyü Qərbi Azərbaycana qayıdış tələbinə nail olacağına ümidləri artırır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: