DİN-nin 2,8 milyonluq tenderini udan şirkət həbsdəki GENERALINDIR? – TƏFƏRRÜAT

 01-09-2022

Daxili İşlər Nazirliyinin (DİN) Maddi -Texniki Təminat Baş İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 2 milyon 769 min 428 manat 57 qəpik olan tender müsabiqəsinin qalibi “Türklər LTD şirkəti” (VÖEN- 2900089921) olub.

“Türklər LTD” DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinə 2022-ci ildə polis orqanlarında xidmətdə olan avtomobilləri markasına, buraxılış ilinə görə ehtiyyat hissələri, müxtəlif ölçülü, markalı avtomobil şinləri və akkumulyator batareyaları satacaq.

Nizamnamə kapitalı 200 manat olan “Türklər LTD”-nin hüquqi ünvanı Yasamal rayonu, Hüseyn Cavid pr, ev 32, m. 33-də yerləşir. Şirkətin qanuni təmsilçisi Həməşəyev Xoca İbrahim oğludur.

Onu da qeyd edək ki, DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinin 2021-ci ildə keçirdiyi 2,8 milyon manatlıq analoji tender müsabiqəsinin də qalibi “Türklər LTD” olub. “Türklər LTD” daha çox “KerbaAvto” markası ilə tanınır. “Türklər LTD”-nin qanuni təmsilçisi Həməşəyev Xoca eyni zamanda “KerbaAvto”da ofis meneceri vəzifəsində çalışır.

Məlumat üçün onu da bildirək ki, uzun illərdir mətbuatda “KerbaAvto”nun Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədova məxsus olması ilə bağlı məlumatlar yayılır. Bildirilir ki, “KerbaAvto” sabiq nazirin qardaşı Əvəz Əhmədov tərəfindən idarə olunub. “KerbaAvto”nun yerləşdiyi Babək prospekti 32K ünvanında 2 mərtəbəli obyektin tikintisi üçün rəsmi icazə də Əvəz Əhmədovun oğlu Fuad Əhmədova verilib. Yayılan məlumatlar nə “Türklər LTD”, nə də “KerbaAvto” tərəfindən bugünə kimi təkzib olunmayıb.

Xatırladaq ki, Əhməd Əhmədov Şərur rayonunun Tumaslı kəndində anadan olub. 2000-2017-ci illərdə Naxçıvanda daxili işlər naziri olub. Ötən il Naxçıvan MR Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, məhkəmənin hökmü ilə Ə.Əhmədov “daxili xidmət general-mayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general-leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib.

Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədov da 2019-da həbs edilib. O, Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki Hörmət Əsgərovu girov götürərək pul tələb etməkdə, daha sonra buna görə H.Əsgərovun qohumu Rəşad Tahirovdan 140 min dollar almaqda ittiham edilirdi. Bakı Ağır Cinayətlər Məhkəməsi Əvəz Əhmədovun günahsız olduğu qənaətinə gələrək ona bərəat vermişdi.

Bənzər yazılar

0.14488101005554