Bakıda taksi fəaliyyəti ilə bağlı son vəziyyət necədir?

 07-07-2024

Taksilərlə bağlı dəyişikliklər ötən həftədən qüvvəyə minib. Hazırda taksi fəaliyyəti üçün icazə alanlar 11 696, təlim keçənlər 24 482 nəfərdir. Tələblərə cavab verməyən taksi sürücülərinin profilləri isə xarici taksi operatorları tərəfindən bloklanır. Dəyişikliklərin qüvvəyə minməsindən artıq bir həftəyə yaxın vaxt keçir.

Maraqlıdır, hazırda Bakıda taksi fəaliyyəti ilə bağlı vəziyyət necədir? Bu dəyişiklik qiymətlərə və keyfiyyətə təsir edibmi?

"Kaspi" qəzetinin mövzu ilə bağlı araşdırmasını təqdim edirik:

Nə keyfiyyət var, nə də taksi...

Mütəmadi olaraq taksilərdən istifadə edən Leyla bildirib ki, keyfiyyət olmasa da, əvvəl taksi tapa bilirdik. İndi nə keyfiyyət var, nə də taksi...

Ceyhun isə əvvəl 4.30 manata getdiyi yol üçün indi 8.60 manat ödədiyini qeyd edib. Amma o, bunu normal qəbul edir. Deyir ki, normal qiymət indidir. Taksi xidməti o qədər ucuz olmalı deyildi.

Hazırda fəaliyyət göstərən və icazə alan taksi sürücüləri vəziyyətdən razıdırlar. Deyirlər ki, artıq bu qərarlarla yalnız peşəkar sürücülər taksi fəaliyyəti ilə məşğul ola biləcəklər.

Sərnişinlər ümumilikdə, beş manatlıq yolu səkkiz manata, dörd manatlıq yolu yeddi manata, üç manatlıq yolu altı manata getdiklərini bildirirlər.

Taksi qiymətləri 100 faizdən də çox bahalaşıb

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, vətəndaşlar ötən il taksi xidmətlərinin çox ucuz olmasını dilə gətirir, sosial şəbəkələrdə bununla bağlı xeyli zarafatyana ifadələr işlədirdilər. İndi isə qiymətlərin artmasından şikayətlənirlər:

"Eyni zamanda, haqlı olaraq, taksinin keyfiyyətsiz xidmət göstərdiyini və təhlükəli olduğunu da dilə gətirirdilər. Müvafiq qurumlar və taksi şirkətləri də vəziyyəti araşdırdılar və nəticə çıxardılar ki, taksi xidməti bu qədər ucuz olmamalıdır. Halbuki, taksi xidmətləri ucuz yox, sadəcə hər kəs üçün əlçatan idi. Hansı ki, bütün dünyada taksi tarifləri tələblərə görə artıb, azalır. Bizdə də qiymətlər belə tənzimlənirdi. Hazırda ötən illə müqayisədə taksi xidmətləri 100 faizdən çox bahalaşıb".

Hamı üçün əlçatan olmalıdır

Mütəxəssis düşünür ki, qiymətlər bazar iqtisadiyyatı əsasında formalaşmalı, heç bir halda süni müdaxilələr edilməməlidir:

"Taksi qiymətləri əhalinin bütün təbəqələri üçün əlçatan olmalıdır, necə ki, bu, bir çox ölkələrdə belədir. Bizimlə eyni səviyyəli olan ölkələrdə də taksi bütün təbəqələr üçün əlçatandır. Bu səbəbdən kəskin qiymət artımının əleyhinəyəm. Keyfiyyət və təhlükəsizliyə müdaxilə edilməlidir, amma qiymətə süni müdaxilə olmamalıdır. Hazırda dövlət artıq bir sıra qanunlar qəbul edib, taksidən istifadə edən vətəndaşların keyfiyyətli və təhlükəsiz hərəkətini təmin etmək üçün müəyyən rıçaqlar yaranıb. Ölkədə fəaliyyət göstərən xarici taksi operatorları da artıq bu işə daha ciddi yanaşırlar".

İctimai nəqliyyat bu yükü qaldıra biləcəkmi?

"Taksilərin azlığı və qiymət artımı ictimai nəqliyyatın yükünü artırırmı" sualına gəldikdə isə, E. Cəfər bildirib ki, hazırkı vəziyyət insanları metro və avtobusdan daha çox istifadə etməyə sövq edir:

"İndi yay mövsümü olduğu üçün biz hələ çox problemləri müşahidə etmirik. Amma ümid edirik ki, payızda yeni dərs ilində ictimai nəqliyyatda həm metro qatarlarının, həm də avtobusların sayı artırılacaq. Artıq müvafiq qurumlar payızda təxminən 150 ədəd yeni elektrobusların ölkəyə gətiriləcəyini və ictimai sektorda fəaliyyət göstərəcəyini elan ediblər".

Qiyməti baha, keyfiyyəti yüksək olmalıdır

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəqliyyat fakültəsinin baş müəllimi Bulud Bağırov isə taksi xidmətinin ucuz olmasının tərəfdarı deyil.

Bildirib ki, taksinin xidməti baha, keyfiyyəti yüksək olmalı, insanların əksəriyyəti ictimai nəqliyyata yönəlməlidir:

"Əvvəl bir manat, bir manat əlli qəpiyə taksilər fəaliyyət göstərirdi. İnsanlar taksidən avtobus qiymətinə istifadə edirdilər. Məhz bu səbəbdən də şəhərə baxdıqda, on maşından səkkizi taksidir. Ucuz ətin şorbası olmur. Taksi xidməti ucuz olmalı deyil. Bakı şəhərində 65 minə yaxın taksi sürücüsü var idi. Bu, fantastik rəqəmdir və doğru deyil".

Bu addımlar atılmalıdır

B.Bağırov qeyd edib ki, şəhərdə taksilərin sayı azalmalı, ictimai nəqliyyat inkişaf etdirilməlidir:

"İctimai nəqliyyat inkişaf etsə, insanlar taksidən istifadə etməyəcək və şəhərdə də maşınların sayı azalacaq. Xarici təcrübədə də belədir. Mən bir seminarda iştirak edirdim, onlar öz ölkələrində həyata keçirdikləri təcrübəni bizimlə bölüşürdülər. İctimai nəqliyyata tələbatı artırmaq üçün onlar ictimai nəqliyyatda gediş haqqını bir müddət pulsuz ediblər. Şəhərdəki gənclərin də əksəriyyətinə pulsuz skuterlər, velosipedlər paylayıblar. Beləliklə, insanlar şəxsi avtomobillərdən, taksilərdən imtina ediblər. Avtomobil az olduğu üçün şəhərin havası da təmiz olur. Şəhəri insanyönümlü etmək üçün bu addımlar atılmalıdır. Bizdə velosiped yolları çəkiləndə insanların əksəriyyəti etiraz edirlər ki, yol daralır. Amma yolun bir zolağının velosipedə verilməsi tam normaldır".

İnzibati tənbeh tədbirləri görüləcək

Hələ də köhnə taksilərin, xüsusilə də, "prius"ların fəaliyyət göstərdiyi iddiasına gəldikdə isə, AYNA-dan bildirilib ki, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əldə edərək fəaliyyətlərini davam etdirirlər. "E-taksi" xidməti vasitəsilə sifarişi qəbul edən sürücünün icazəsinin olub-olmadığını izləmək mümkündür. Əməkdaşlar tərəfindən buraxılış kartlarının yoxlanılması həyata keçiriləcək. İcazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tənbeh tədbirləri görüləcək.

Bənzər yazılar

0.057620048522949