Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

 01-07-2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Filippin Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Henri Jr. Bensurtonun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Henri Jr. Bensurto Filippin Prezidenti Ferdinand Romualdez Markosun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Filippinin dövlət başçısına çatdırmağı xahiş edib.

Azərbaycan Prezidenti ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafını qeyd edərək beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin turizm, investisiyalar sahələrində əməkdaşlığa və insanlar arasında təmaslara toxunub, hökumət nümayəndə heyətlərinin səfərlərinin önəmini vurğulayıb.

Səfir Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin çox uğurlu olduğunu, bu məsələdə böyük bir irs qoyduğunu və ölkəmizin bu Hərəkatın təsisatlanması istiqamətində ciddi addımlar atdığını qeyd edib.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran Henri Jr. Bensurto Filippinin də bu tədbirdə yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını deyib.

Dövlətimizin başçısı ölkəmizin həm Qoşulmama Hərəkatına, həm də COP29-a sədrliyi ilə bağlı təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla həyata keçirilməsinə üzv ölkə kimi Filippinin göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Dövlətimizin başçısı COP29 çərçivəsində Azərbaycanın Qlobal Cənubun tərkib hissəsi olaraq ölkələr arasında həmrəyliyin gücləndirilməsinə və körpülərin qurulmasına çalışacağını vurğulayıb.

Bənzər yazılar

0.70907711982727