Nərimanov rayonunda yerləşən birmərtəbəli evlərin önündən hasar çəkilib. Tikililərə bitişik şəkildə “Melissa Group” şirkətinə məxsus “Zirvə” MTK (Mənzil-Tikinti Kooperativi) göydələn ucaltdığından aprel ayından birmərtəbəlilərin qarşısını hasarlayıb.
Bu barədə Meydan TV-nin ərazidən hazırladığı reportajda deyilib.
Hasarın arxasında yaşayan sakinlər isə hüquqlarının pozulduğunu deyiblər.
“Burda hava alma, hərəkət, görmə azadlığı məhdudlaşdırılıb, qəsb edilib. Bunlar deyir ki, biz dövlətik, nə istəyərik edərik, siz vətəndaşlar heç kimsiniz. Bu hasar təhlükəsizlik üçün deyil. Bu, çöldəki insanların təhlükəsizliyi üçündür. Amma içəridə yaşayış olduğu halda burda təhlükəsizlikdən heç bir söhbət gedə bilməz”, - bina sakini Eynulla Süleymanlı deyib.
Ailələr birgə imza toplayaraq Nərimanov Rayon İcra Hakimiyyətinə, Şəhər Arxitektura komitəsinə və digər qurumlara müraciət ünvanlayıb. Cavabda binanın tikintisi getdiyindən təhlükəsizlik naminə hasarın çəkildiyi deyilib.
Sakinlər bildirib ki, evlərinə bitişik gedən tikinti onlar üçün hər an təhlükəli vəziyyət yarada bilər.
“Şikayət edirik, “102”ni, Fövqəladəni çağırırıq. “102” deyir ki, biz adam öləndə gəlirik. Özü də biz qaçqınıq, Göyçə mahalından gəlmişik, Ermənistandan. Daha bu Şuşadan deyiləm ki, sevinəm - “Allah, Şuşa alınıb”. Göyçə mahalını alıb, mən durub ora gedəm?”, - bina sakini Roza Əliyeva deyib.
“Melissa Group” şirkətindən şikayətlə bağlı müraciətlərə cavab verilməyib.
“Melissa Group” şirkətindən şikayətlə bağlı müraciətlərə cavab verilməyib.