Sabiq bələdiyyə sədri məhkəmədə AĞLADI: "Bu adamlar öyrədilir..."

 31-08-2022

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə Binəqədi bələdiyyəsinin keçmiş sədri Aytac Əliyevanın və bacısı İlknur Turqutun məhkəməsi davam edir. 

Bacılar dələduzluqda ittiham olunurlar. Bələdiyyə sədri həbsdə, bacısı isə zamindədir.  Keçmiş bələdiyyə sədri və bacısı dələduzluqda təqsirləndirilir.  

Toplum TV xəbər verir ki, zərərçəkmiş Sərxan Qafarov məhkəmədəki ifadəsində ifadəsində ev alqı-satqısı, evlərin tintisi və təmiri işləriylə məşğul olduğunu deyib. 

2017-ci ildə Mehdiabaddakı evini 223 min manata satıb, həmin pulu sərmayə olaraq gəlirli sahəyə qoymaq istəyib. 

2019-cu ildə Vahid adlı qohumundan bələdiyyə sədrinin və sonuncunun bacısının qızıl alveriylə məşğul olduğunu eşidib. 

Vahidin bələdiyyə sədriylə yaxınlığını biləndə özündə olan 200 min manatı qızıl alverinə qoymaq istəyi yaranıb. Bu işə sərmayə qoyub, qazanc götürmək istədiyini bildirib. 

Tezliklə Vahid ona bələdiyyə sədrinin iş birliyinə razılığını çatdırıb.

Zərərçəkmişin sözlərinə görə, hələ 2017-ci ildə Mehdiabaddakı evini 223 min manata satıb. 2019-cu ilin dekabrından yanvarın sonunadək tanışı Vahidin və onun vasitəsiylə tanış olduğu İlknur Turqutun (bələdiyyə sədrinin bacısı) vasitəsiylə Aytac Əliyevaya cəmi 200 min manat göndərib. 

Zərərçəkmişin ifadəsindən: “Pulu Aytac Əliyevaya hissə-hissə göndərdim. Birinci dəfə 30 min manat Vahid aparıb. İkinci dəfə 40 min manatı İlknura vermişəm. Vahid, İlknur və mən Nərimanovda taxıl anbarlarının yanında görüşmüşük, pulu sayıb İlknura vermişəm. Bu minvalla Aytaca 200 min manat göndərmişəm".  

Prokuror: 
- Nə qədər gəlir götürəcəkdiniz?  
Zərərçəkmiş: 
- Hər 40 min manata qarşılıq 2 min manat faiz götürəcəkdim. Ancaq danışdığımız kimi olmadı. Bunlar mənə 200 min manatın qarşılığında yanvarın sonunadək cəmi 7 min manat verdilər. Fevralda bir manat da vermədilər. Martda dedilər qızıl satılmır, nə pulu qaytardılar, nə faiz ödədilər.  

 
Zərərçəkmişin sözlərinə görə, 2020-ci ilin martında pandemiya başlayanda Aytac Əliyeva qız alverinin “öldüyünü” elan edib. O da pulunu geri tələb edib. 

Ancaq Aytac Əliyeva pulların qızıla qoyulduğunu, əldə pul qalmadığını dediyi üçün ortada mübahisə yaranıb: “Dedi ki, pul qızıldadı, qızıl mağazalarda, mağazalar da bağlı... Gözlə, evim var, satım, satışdan gələn pulu gəlirli bir işə qoyum, pul götürüm, sənin pulunu qaytarım. Vahid də mənə tez-tez İlknurla, Aytacla danışıqlarının səs yazısını, bankın qarşısından İlknurun, Aytacın şəkillərini atırdı, bununlıa inandırmağa çalışırdı ki, pulların qaytarılması üçün adamlar hərəkətdədir, işlər gedir. Hətta Aytacı bir dəfə banka özüm aparmışam”.  

Zərərçəkmişin sözlərinə görə, bələdiyyə sədri dediyi evi 100 min manata satsa da, ona pul verməyib, o da şikayət edib.  
 
Prokuror: 
- Aytac Əliyevayla sonuncu danışığınız nə oldu, sizə nə dedi?  
Zərərçəkmiş: 
- Nə deyəcək, türmədədir.  
Aytac Əlyeva ayağa qalxıraraq qışqırır: 
- Yalan danışırsan.  
Zərərçəkmiş: 
- Sənə görə evsiz, çöllərdə qalmışam.  
Aytac Əliyeva (yenə qışqırır): 
- Səni bura öyrədib göndəriblər.  
Zərərçəkmiş üzünü hakimə tutur: 
- Bunlar məni məcbur etdilər ki, hüquq-mühafizə orqanlarına şikayət edim. Mən bunlardan ilk şikayətçi olmuşam. Məndən sonra başqaları da şikayət etdi. Elə Vahid özü də... İlk vaxtlar ortada üç şikayətçi vardı, bacılardan tələb olunan məbləğsə 600 min manata çatmışdı.  
Aytac Əliyeva üzünü hakimə tutur: 
- Dördüncü cildi hazır qoyun, mən faktları, sübutları ortaya qoyacam, görəcəksiniz ki, bu adam yalan danışır.  

 
Hakim növbəti məhkəmə iclasını sentyabrın 6-na təyin edib. Bu zaman Aytac Əliyeva qışqırıb ağlayıb, əllərini masaya vura-vura: “Bu adamlar öyrədilir, bura göndərilir, Allahım, bunlarla özün bil”, - deyib.  
Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyevayla (Turkut) əlbir olaraq qızıl və torpaq alqı-satqısı adı altında vətəndaşlara qarşı 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilirlər.Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib. 
İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb. Bacılar ittihamları qismən qəbul edirlər.  
Cinayət işi üzrə ümumilikdə 11 zərərçəkmiş var.

Bənzər yazılar

0.14123702049255