Zərər vermək bəzi uşaqlarda tez-tez müşahidə edilən bir hərəkətdir. Belə ki, bu hərəkət yeri gələndə bir oyuncağa, yeri gələndə bir əşyaya, yeri gələndə bir insana, yeri gələndə isə bir heyvana qarşı olur. Ona görə də, ata-analar bu cür zərərverici hərəkətlərin artmaması, əksinə azalması üçün bəzi tədbirlər görməlidirlər.
Digər tərəfdən, bu zərərverici hərəkətlərin intensivliyini müəyyən etmək də çox vacibdir. Əgər çox ciddi bir psixoloji problemdən söhbət getmirsə, bu cür hərəkətləri konkret üsullarla aradan qaldırmaq olar. Ancaq bu hərəkətlər bir canlıya qarşı baş verdikdə vəziyyət daha ciddi bir xarakter alır. Belə olduqda, ata-analar həm bu hərəkətlərin baş verməsindən narahat olur, həm də bu hərəkətlərin arzuolunmaz həddə çatmasından ehtiyat edirlər.
Hər şeydən əvvəl qeyd edək ki, bu cür hərəkətlər depressiya və ya hiperaktivlik kimi hallarda özünü daha çox büruzə verir. Ancaq bu hallar aradan qaldırıldıqda isə təbii olaraq bu hərəkətlər də aradan qaldırılmış olur.
Şübhəsiz ki, bu cür hərəkətlərin olmaması üçün valideynlər də müəyyən addımlar atmalıdırlar. Buna görə də, ilk növbədə, uşağın ümumi psixoloji vəziyyətində hər hansı bir problem olub-olmadığını (həmçinin, bu problemi başqa problemlərin müşaiyət edib-etmədiyini) məyyən etməlidirlər. İkincisi, valideynlər bu hərəkətlərin nə vaxt pik səviyyəyə çıxdığını aşkara çıxarmalıdırlar.
Digər tərəfdən, bu məsələdə valideynlər üçün uşağı bu cür hərəkətlərə sövq edən şərtlərin və ya şəxslərin olub-olmadığını müəyyən etmək də çox vacibdir. Üçüncüsü, bəzi uşaqlar televizor, kompyuter, telefon və s. kimi vizual vasitələrin təsiri altında qalır, burada müşahidə etdikləri zərərverici hərəkətlərdən nümunə götürürlər. Ancaq uşaqlar bu cür mənfi təsirlərdən uzaqlaşdırıldıqda, istər-istəməz, bu cür hərəkətlərdən də uzaqlaşdırılmış olurlar.
Dördüncüsü, valideynlər bu cür uşaqlara empatiya hissinin (başqa sözlə, “özünü başqasının yerinə qoymaq” hissinin) aşılanması üçün də bəzi addımlar atmalıdırlar. Təbii ki, bunun üçün onlar təkcə sözləri ilə yox, hərəkətləri ilə də nümunə olmalıdırlar.
Burada başqa bir üsul isə uşağın yaxın ətrafından nə qədər təsirlənib-təsirlənmədiyini müəyyən etməkdir. Çünki uşaq bu cür hərəkətləri əvvəlcə evdə müşahidə edə, sonra isə çöldə tətbiq edə bilər.
Aygün Vəliyeva