Bakıda yol polisi əməkdaşı ilə sürücü arasında insident yaşanıb.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Qeydə alınan videogörüntülərdən hadisənin 22 avqust gecə saat 3 radələrində baş verdiyi bəlli olur.
Videoda avtomobilində əyləşən sürücü Həsənov Samirə yaxınlaşan inspektor Qasımov Malik ondan sənədlərinin qaydasında olub-olmamasını soruşur.
Daha sonra avtomobildə video çəkiliş olduğunu görən inspektor buna narazılığını bildirib.
Bu zaman sürücü ilə yol polisi arasında baş verən dialoqda polisin sürücüyə dedikləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Polisin sürücüyə dediyi və müzakirələrə səbəb olan ifadələrdən bəziləri belədir: “Videoya çəkirsən? Sənin çəkməyə icazən yoxdur axı. Dedim ki, zəhmət olmasa, o kaseti söndür. Dövlətin polisiyəm. Sən dövlətin polisi ilə məzələnəsi adam deyilsən. Kişi o hərəkəti eləmir e, videoya çəkmir. Gecə siz yatırsınız, biz xidmət aparırıq. Mən sənə yaraşdırmaram elə çəkəsən. 21 ildir mən yollardayam, sənin yaşın qədər stajım var, kiminləsə səhv salma, düş aşağı gəl bura söhbət edək.
Sənin nəsə polislə problemin var? Biz bu yolun polisiyik də. Maykada elə də gəzirsən, maykada maşın sürürlər? Sənin, deyəsən, polislə problemin var, qardaş. Səni “sutka” gözləyir. Burda polis kapitanı ilə məzələnirsən axı. Get vətən uğrunda döyüş deyim, hə. Mən düşmənlə üzbəüz gedib vuruşmuşam. Gəlib video çəkirsən, ayıbdır sənə, yekə kişisən”.