"12-ci imam"ın məhkəməsində QALMAQAL: "Nə səsinizi qaldırmısınız, dünənə qədər ona səcdə edən adamlar olmusunuz"

 30-08-2022

Özünü 12-ci imam kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib.

APA.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclas qalmaqalla başlayıb. Təqsirləndirilən şəxs konvoyun müşayiəti ilə zala daxil olan kimi, zərərçəkmiş şəxslər ayağa qalxaraq ona qarşı müxtəlif təhqiredici ifadələr işlədiblər.

Hakim Eldar İsmayılov zərərçəkmiş şəxslərə sakit durub, qanunlara tabe olmağı tələb edib: "Nə səsinizi qaldırmısınız, dünənə qədər ona səcdə edən adamlar olmusunuz. İmkan verin məhkəməmizi keçirək".

Daha sonra "ŞaurmaN1"-in şəriki olmuş, zərərçəkmiş Natiq Sadıqov dindirilib. İttihama görə Natiq Sadıqova bu işlə bağlı 500 min manat ziyan dəyib. Zərərçəkmiş şəxsin dediyinə görə, Aqil Babayevlə tanışlığı 2004-cü ildə başlayıb. Bundan əvvəlsə onu din alimi kimi tanıyıb: "Aqil Babayevin çox güclü dini savadı var. Bizi də elə bu yolla özünə inandırdı. İlk dəfə Bakının Əhmədli qəsəbəsində görüşümüz oldu, sonradan dəfələrlə təşkil etdiyi dini məclislərdə iştirak etdim. Təsəvvür edin ki, buna su aparan adamlar imama su verdikləri üçün fəxr edirdilər. Günlərin birində bizi toplayıb özünün imam olduğunu elan etdi. Hamıya da bildirdi ki, bu sirrin qorunması üçün Allahın tapşırığı var. Biz də fəxr etdik ki, Allah bizə belə bir sirr açıb".

Zərərçəkmiş şəxsin dediyinə görə, Aqil Babayev əvvəllər çox kasıb biri olub. Ona ilk avtomobili də özü alıb: "Aqilin anası qapı təmizləyən, atası da xiyarsatan olub. Onun evini də mən təmir etmişəm. Təsəvvür edin ki, buna da, özümə də qiyməti, rəngi eyni olan "Lexus" markalı avtomobil aldım".

Natiq Sadıqov ifadəsinin davamında ittiham olunan şəxsin göstərişi ilə külli miqdarda zəkat verdiyini və müharibə iştirakçılarının yaşayışının yaxşılaşması üçün kömək etdiyini qeyd edib: "Aqil Babayevin əsas şərti zəkat çıxarmaq idi. Təkcə mən 173 min manat zəkat vermişəm. Bir dəfə də şəhid ailəsi üzvləri üçün ev tikdiyini dedi, onda 370 min manat verdim. Hamımız onu böyük kimi qəbul etmişdik. Ona görə də işin üstü açılanda çox sarsıldıq".

Prokurorun "Sizi nə sövq edirdi ki, buna səcdə edirdiniz" sualına zərərçəkmiş şəxs "Deyirdi ki, mən Allahın nümayəndəsiyəm, kitabını bağlaya bilərəm. Mən də qorxurdum kitabımı bağlayar, gedərəm cəhənnəmə" - deyə cavab verib.

Prokurorun “Aqil Babayevin bir möcüzə etməsi ilə rastlaşmısızmı” sualına isə zərərçəkmiş belə cavab verib: "Cənab prokuror, inanc başqa şeydir. Başınıza gəlməsə, bilməzsiniz. Hindistanda da inəyə sitayiş edirlər, məsələn".

Zərərçəkmiş sualları cavablandıran zaman Aqil Babayevin ətrafında olan hər kəsə təxəllüs də qoyduğunu, ona İbadulla təxəllüsü verdiyini deyib.

Zərərçəkmiş şəxs Aqil Babayevin vəkillərinin də suallarını cavablandırıb.

Vəkil Elnur Quliyev ilk olaraq zərərçəkmişdən Aqil Babayevin onlara hansı vədlər verdiyini soruşub.

"Vədi o idi ki, sona qədər onun yanında qalsaq, cənnətə gedəcəyik", - deyə zərərçəkmiş cavab verib.

Proses sentyabrın 6-da davam etdiriləcək.

Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN)Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur.

Bənzər yazılar

0.14720678329468