MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə dövlətə dəymiş ziyanı ödəməyənlərə xəbərdarlıq

 31-05-2024

Müdafiə Nazirliyinin (MN) mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin (HDQ) maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda beş nəfər şahidin təkrar dindirilməsi barədə qərar verilib.

Həmin şahidlərin məhkəməyə təkrar çağırılması onların dövlətə dəymiş ziyanı ödəmədikləri ilə bağlı olub.

Bildirilib ki, həmin şahidlərdən biri Emin Poladovdur. O, 2015-2020-ci illərdə Cəmşid Naxçıvanski adına Ali Hərbi Məktəbdə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, Baş Klinik Hərbi Hospitalda və son olaraq "N" saylı hərbi-hissədə maliyyə şöbəsinin rəisi olub.

Məhkəmədə təkrar ifadə verən Emin Poladov bildirib ki, onun tərəfindən dövlətə vurulan ziyan 2 milyon 621 manat müəyyən olunub və istintaq zamanı həmin puldan 525 min manatını büdcəyə qaytarıb.

Daha sonra məlum olub ki, Emin Poladov əvvəllər məhkəmədə dindirilən zaman ziyanın ödənilməsi ilə bağlı söz versə də, ödəniş etməyib.

Şahidin diqqətinə çatdırılıb ki, ziyanı ödəməyən şahidlər istintaq orqanına dəvət olunurlar, barələrində qətimkan tədbiri seçilir.

Suallara cavab verən Emin Poladov deyib ki, yaxın zamanlarda ziyanı tam ödəməyə çalışır.

Məhkəməyə təkrar dəvət olunan şahid Elşən Salamovun sözlərinə görə, "N" saylı hərbi hissədə Maliyyə Xidmətinin bölmə rəisi işləyir. O bildirib ki, istintaq zamanı 260 min manat ödəniş edib, amma ondan sonra ziyanın ödənilməsi üçün heç bir tədbir görməyib.

Qeyd olunub ki, E.Salamov 1 milyon 573 manat dövlətə ziyan vurub. Onun nəzərinə çatdırılıb ki, dövlətə dəymiş ziyan ödənilmədiyi halda cinayət məsuliyyətinə cəlb olunacaq.

Hakim Fikrət Əliyev deyib ki, məhkəmədə beş şahiddən ikisi prosesdə iştirak edib, digər üç şahidin də növbəti iclasda dindirilməsi təmin olunacaq.

Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi Namiq Poladovun dindirilməsi ilə bağlı geniş vəsatəti olacağını bildirib.

Məhkəmənin növbəti iclası iyunun 7-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə idarəsinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə dövlətə dəymiş ziyan ümumilikdə 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.

İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı artıq ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

 

Bənzər yazılar

0.058374881744385