Sabiq komitə rəisi nə qədər "paket" aldığını da açıqladı

 30-05-2024

Naxçıvan Muxtar Respublikası Arxitektura və Tikinti Komitəsinin sabiq rəisi Hicran Rüstəmovun cinayət işi üzrə məhkəməsinin baxış iclası başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Arxitektura və Tikinti Komitəsinin rəisi vəzifəsində işləmiş Hicran Rüstəmov vəzifədə çalışdığı 2018-2022-ci illər ərzində öz qulluq mövqeyindən istifadə etməklə əvvəlcədən digər şəxslərlə əlbir olaraq mənimsəmə yolu ilə dövlət büdcəsini talayıblar. Həmçinin onun çalışdığı dövrdə komitədə çalışan bəzi əməkdaşların dövlət qulluqçusu olmamasına baxmayaraq, bu müddət ərzində qanunsuz olaraq əməkhaqqı, maddi yardım və digər ödənişlər alaraq külli miqdarda büdcə vəsaitləri də israf edilib.

Məhkəmədə çıxış edən təqsirləndirilən şəxs Hicran Rüstəmov bildirib ki, o, 2017-ci ildən Arxitektura və Tikinti Komitəsində çalışır: "2018-ci ilədək tikintiyə baş nazirin müavini Asəf Məmmədov baxırdı. O, işdən azad olunandan sonra isə bu vəzifəyə mən təyin edildim. Ondan sonra işə başladım. Hər ay görülən işlər yoxlanılırdı və yoxlamada Maliyyə Nazirliyinin əməkdaşları da iştirak edirdi. Görülən işlərə ayrılan vəsaitin üzərinə həmişə 10 faiz əlavə yazılırdı. Sonra görülən işlər barədə Nazirlər Kabinetinə məlumat verilirdi. Keçirilən müşavirələrdən sonra pullar müvafiq şirkətlərin hesabına köçürülürdü". 

Hicran Rüstəmov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Arxitektura və Tikinti Komitəsinin tərkibində 7 kiçik şirkət olub: "Həmin şirkətlərin hesabına pul köçürülürdü və 10 faizini aparıb aidiyyəti şəxslərə verirdik. Komitə Nazirlər Kabinetinin sərəncamlarını icra edərək pulları podratçı şirkətlərin hesabına köçürürdü".

Təqsirləndirilən şəxs bildirib ki, dövlət vəsaiti hesabına inşa edilən obyektlərin kimə verildiyini bilməyib: "Biz sadəcə inşa edib, təhvil verirdik. Eyni zamanda, təqribən 2 milyon manat nağdılaşdırılaraq, o zaman baş nazir olan Səbuhi Məmmədova vermişəm.

Ümumiyyətlə, həmin vaxt tender olmurdu. Məsələn, tapşırılırdı ki, filan kənddə məktəb tikilsin. Göstəriş verilirdi, tapşırılan şirkət gəlirdi, götürüb tikirdi. Muxtar respublikada sökülən tikintilərə gəlincə isə, həmin tikililərin materialları satılırdı və pulu mənimsənilirdi". 

Hicran Rüstəmov ifadəsində deyib ki, hər ay o da "paket" alırdı: "İlk 4 ay almadım, daha sonra hər ay müxtəlif olurdu - 2, 3, 5, 10 və 15 min manat olub. Hər ay Sabiq baş nazir Səbuhi Məmmədova 10 min manat verirdim". 

Komitənin sabiq rəisi bəzi əməkdaşların dövlət qulluqçusu olmamasına baxmayaraq, onlara verilən vəsaitə də aydınlıq gətirib: "Oranın 8 işçisi olub. Məsələ qaldırdım ki, ən azı 40 işçi olmalıdır. Bundan sonra göstəriş verildi ki, işçilər götürülsün. İşçilər götürüldü və tapşırıldı ki, hər ay onlara 300, 500 manat paket verim". 

Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini deyib. Daha sonra məhkəmədə zərərçəkən tərəf Azərbaycan Respublikasi Maliyyə Nazirliyinin nümayəndəsi vurulmuş ziyanın tam ödənilməsini tələb edib və bunun təmin edilməsini məhkəmədən xahiş edib.

Bildirilib ki, dəymiş ziyanın 63,5 milyon manatı ödənilib və bu proses davam edir. Növbəti baxış iclası İyun ayının 14-ü saat 10-a təyin edilib. Qeyd edək ki, sabiq komitə sədri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

Bənzər yazılar

0.058789968490601