Bakıda ən ucuz evlər bu qəsəbədə satılır

 25-05-2024

Bir çox elan saytlarında kütləvi şəkildə Xəzər rayonu Binə qəsəbəsində yerləşən həyət evlərinin satışı müşahidə olunur. Son bir neçə həftə ərzində özünü göstərən bu tendensiya müzakirələrə səbəb olub. Bazar qiymətindən xeyli aşağı - 30-35 min, hətta 24-25 min manata təklif olunan həyət evləri alıcıların marağına səbəb olub.

Binədə evlər niyə Bakının digər qəsəbələri ilə müqayisədə xeyli ucuzdur?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bu evlərin mütləq əksəriyyətinin çıxarışı və sənədi yoxdur:

"Ümumiyyətlə, elan saytlarında qoyulan evlərin əksəriyyətinin çıxarışı yoxdur. Bu evlər qanunsuz və sənədsiz formada tikilən evlərdir. Ən çox satışa təqdim olunan və əksər vaxtlarda aylarla satışda qalan, amma alıcı tərəfindən istənilməyən belə evlərin çıxarışı olmur. Belə evlər təkcə Binə qəsəbəsində deyil, Bakıda və Abşeron rayonunda kifayət qədər çoxdur. Hətta alıcı olanda belə, bu evlərin ilkin baxışdan sonra tikinti normalarına uyğun gəlmədiyi və kommunal təchizatı zəif olduğuna görə sövdələşmə baş tutmur”.

Ekspert bu evlərin kommunal təchizat sarıdan olduqca bərbad vəziyyətdə olduğunu qeyd edib:

"Onların bir çoxunda su təchizatı demək olar ki, mövcud deyil. Çünki bu evlərə su xəttləri qanunsuz birləşmələr vasitəsi ilə çəkilir. Əksəriyyətinin kanalizasiyası yoxdur. Belə evlərə demək olar ki, tələbat yoxdur. Ümumiyyətlə, fərdi yaşayış evlərinə tələbat olsa da, bu seqmentdə olan evlərə maraq olduqca aşağıdır. Belə evləri alanlar bir müddət sonra sadalanan problemlər ucbatından evlərini satmağa çalışır. Bu evlərin satış bazarında kifayət qədər çox olmasının başlıca səbəbi məhz elə bununla bağlıdır. Digər tərəfdən, bu qəbildən olan evlərin yerləşdiyi ərazilər əksər hallarda plansız və pərakəndə formada salınır. Bu səbəbdəndir ki, kütləvi satışlar özünü göstərir”.

Bənzər yazılar

0.059748888015747