Bakıda zəlzələ təlaşı: Bu binalar söküləcək

 24-05-2024

Bakıda yüksək mərtəbəli binaların zəlzələyə davamlılığının müntəzəm monitorinqi ilə bağlı layihə hazırlanıb. Bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin Zəlzələ mühəndisliyi elmi-tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib. Onun sözlərinə görə, sığorta şirkətləri həmin binalardakı mənzilləri sığorta edərkən monitorinqin nəticələrini nəzərə alacaqlar. 

Paytaxtda tikilən binaların zəlzələyə davamlı olub-olmaması ilə bağlı isə cəmiyyətdə təzadlı fikirlər mövcuddur. İnsanların bir qismi yeni tikililərin əvvəlki binalar kimi keyfiyyətli olmadığını desə də, bəziləri hazırki binaların müasir standartlara tam cavab verdiyini düşünür. Bəs reallıqda vəziyyət necədir? Paytaxtda inşa olunmuş binalar zəlzələyə dözümlüdürmü? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, Bakı şəhərindəki binaların zəlzələyə orta davamlılığı ortalama 8-9 bal olaraq nəzərdə tutulub: 

“Açıqlanan məlumatlarda görünür ki, Bakı şəhərindəki binaların zəlzələyə orta davamlılığı təqribən 8-9 bal arasında hesablanır. Amma qeyd etdiyimiz rəqəm tam dəqiq şəkildə aparılacaq monitorinqin nəticələrindən sonra müəyyən olunacaq. Bu gün elə binalar var ki, onlar artıq öz istismar müddətini başa vurub. Bəzi binalar da var ki, yeni tikililər olsa da, ya düzgün ərazidə inşa olunmayıb, ya da seysmik baxımdan aktiv ərazidə inşa olunub”.  

Ekspert standartlara cavab verməyən binaların söküləcəyini bildirib:

“Hər bir halda düşünürəm ki, monitorinqlər başa çatdıqdan sonra biz yekun nəticə haqqında danışa bilərik. Hələki istinad edəcəyimiz mənbə Türkiyədə baş verən zəlzələdən sonra, dövlət qurumlarımızın açıqladığı məlumatlardır ki, onlar da binaların davamlılıq göstəricisinin 8-9 bal arasında dəyişdiyini bildirirlər. Bu mənbələr isə tikinti prosesi dövründə həmin icra hakimiyyəti orqanlarının apardığı texniki ekspertizaların nəticələrinə əsaslanır. Təbii ki, əgər seysmik göstəriciləri normadan aşağı olarsa və bərkitmə kimi tədbirlər mümkün olmazsa, bu halda həmin binaların gələcək taleyi ilə bağlı qərar qəbul olunacaq”. 

 

Bənzər yazılar

0.098351955413818