Vadji artıq Fransadadır: “Qarabağ”dan AÇIQLAMA 

 28-08-2022

“Qarabağ”ın futbolçusu İbrahima Vadji “Sent Etyen” klubu ilə danışıqlar üçün Fransaya yollanıb.

Bunu “Qafqazinfo”ya açıqlamasında Ağdam klubunun idman direktoru Əmrah Çəlikəl bildirib.

Onun sözlərinə görə, seneqallı forvardın keçidi yaxın günlərdə rəsmiləşəcək:

“Son danışıqlar gedir. Vadjinin özünün də istəyi var. Çünki ailəsi Fransada yaşayır. Biz də bunu nəzərə alıb danışıqlar üçün Fransaya yollanmasına icazə verdik. Yəqin ya sabah, ya da növbəti gün transfer rəsmiləşəcək”.

Klub rəsmisi futbolçunun transferi ilə bağlı maliyyə şərtlərinə də sabah aydınlıq gələcəyini bildirib.

Ə.Çəlikəl açıqlamasında yeni transferlərlə bağlı danışıqlar aparıldığını da qeyd edib. O, “yeni hücumçu alınacaqmı?” sualına belə cavab verib:

“Yeni hücumçu ilə bağlı danışıqlar davam edir. Bu məsələdə əsas fikir Qurban Qurbanova məxsusdur”.

Qeyd edək ki, “Qarabağ”ın futbolçusu İbrahima Vadji Fransanın “Sent Etyen” komandasına transfer olunub.

Seneqallı hücumçu növbəti həftənin əvvəllərində yeni klubu ilə rəsmi müqavilə bağlayacaq. 27 yaşlı forvarddan ötrü Azərbaycan təmsilçisinə 1 milyon avrodan çox vəsait ödəniləcək. Bura müxtəlif bonuslar daxil deyil.

Qeyd edək ki, hazırda Fransa Liqa 2-də mübarizə aparan “Sent Etyen” mövsümə -3 cərimə xalı ilə başlayıb. Klub 5 oyundan 3 xal toplayaraq, mənfi saldonu sıfırlasa da, hazırda sonuncu 20-ci pillədə qərarlaşıb.

Mənbə: “L`Equipe”

Bənzər yazılar

0.20922899246216