Azərbaycan Mərkəzi Bankı (AMB) vətəndaş qəbulu üçün növbənin qurumun inzibati binasına gəlmədən internet səhifəsində - onlayn əldə edilməsi imkanı yaradıb.
Bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, vətəndaşlar qurumun internet səhifəsindəki “Elektron xidmətlər portalı” vasitəsilə və yaxud randevu.e-cbar.az səhifəsinə keçid edərək onlayn növbə əldə edə bilərlər. Hər hansı sual yarandığı təqdirdə AMB-nin “966” Qaynar xəttinə müraciət etmək olar.
Xatırladaq ki, bundan əvvəl qurum maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və onların pozulması hallarının qarşısının alınması məqsədilə Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasında hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə yerində baxılması üçün müvafiq xidmət təşkil edib, inzibati binasındakı qəbul otaqlarında vətəndaşların təyin olunan xidmət personalına birbaşa yönləndirilməsi, sorğuya aidiyyəti üzrə baxılması və tələb olunan məlumatların dərhal təqdim edilməsi kimi xidmətlərin daha effektiv təşkili və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə Növbənin İdarəetmə Sistemi yaradıb və hazırda istifadə olunmaqdadır.