Naxçıvan Diaqnostika Mərkəzi ucuz qiymətə Nəqşicahan Med MMC-yə satılıb. Bu barədə hurriyyet məlumat yayıb.
Sayt bildirir ki, bu haqda facebook sosial şəbəkəsində “Gündəlik Naxçıvan” səhifəsinə mərkəzdə çalışan əməkdaşlar məlumat veriblər.
Onların sözlərinə görə, artıq təhvil-təslim işləri başa çatıb.
Sayt yazır: “Diaqnostika mərkəzini alan Nəqşicahan Med MMC-nin yerli hakim ailə Talıbovların nəzarətində olduğu bildirilir. MMC-nin Naxçıvanda əsasən dərman monopoliyasına nəzarət etdiyi barədə iddialar var”.
Xəbərdə bildirilir ki, on milyonlarla dəyəri olan mərkəz Nəqşicahan Med-ə cəmi yüz min manata satılıb: “Hər kəsə qəti tapşırılıb ki, əldəyişmə haqqında heç yerdə danışılmasın. Qaydalar sərtləşdirilib, işçilərdən ciddi rejim tələb olunur. Deyilənə görə, buraya Vasif Talıbovun qızı nəzarət edəcək. Təxminən bir aydır ki, təhvil-təslim işləri gedirdi”.
Xatırladaq ki, elə bu günlərdə – avqustun 15-də Naxçıvan MR Nazirlər Kabinetinin qərarı ilə “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin yeni Nizamnaməsi və strukturu təsdiq edilib. Bu qərarın məhz mərkəzin Nəqşicahan Med-ə ötürülməsi üçün hüquqi əsas yaradılması məqsədi ilə qəbul olunduğu bildirilir.
Naxçıvan Diaqnostika Mərkəzi 2007-ci ildə dövlət büdcəsi hesabına tikilib. Müasir avadanlıqlarla təchiz olunmuş mərkəzin neçəyə başa gəlməsi ilə bağlı rəsmi məlumatlara rast gəlinməsi də, onun dəyəri on milyonlarla manat hesablanır. Sonradan, 2018-ci ildə Naxçıvan Ali Məclis sədri Vasif Talıbovun sərəncamı ilə mərkəz, publik hüquqi şəxs statusu alıb.