Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür - VİDEO

 08-05-2024

Mayın 8-i görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, Üzeyir Hacıbəyli adına Dövlət mükafatı laureatı, professor Soltan İsmayıl oğlu Hacıbəyovun doğum günüdür.

Oxu.Az xatırladır ki, məşhur Hacıbəyovlar nəslinin nümayəndəsi olan Soltan Hacıbəyov 1919-cu ildə Qarabağın musiqi beşiyi sayılan Şuşada anadan olub.

O, 1930-cu ildə ikiillik ibtidai məktəbi bitirdikdən sonra Bakıya köçərək əmisi, dahi Üzeyir Hacıbəylinin evində yaşamağa başlayıb. 1936-cı ildə texnikuma daxil olan gənc musiqiçi truba sinfində təhsilini davam etdirib. 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə, professor Boris Zeydmanın sinfinə daxil olub. S.Hacıbəyov burada xalq musiqisinin əsaslarını Üzeyir Hacıbəylidən mənimsəyib.

Hələ tələbə ikən Soltan Hacıbəyov Bakı Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı - red.) dirijor vəzifəsinə dəvət alıb. Bəstəkarın yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayıb,  onun ilk əsəri - xor və simfonik orkestr üçün yazılmış “Pioner kantatası” və “Qızılgül” musiqili komediyası ərsəyə gəlib.

“Qızılgül” əsəri 1940-cı ildə Bakı Musiqili Komediya Teatrının səhnəsində böyük müvəffəqiyyətlə tamaşaya qoyulub və uzun illər ərzində teatrın repertuarını bəzəyib.

Azərbaycan simfonizminin təməlini qoymuş ilk bəstəkarlardan biri olan Soltan Hacıbəyov iki simfoniyanın, “Gülşən” baletinin, “İskəndər və çoban” uşaq operasının, simfonik, xalq çalğı alətləri orkestri, kvartet üçün müxtəlif janrlı əsərlərin, musiqili komediyaların, dram tamaşalarına musiqilərin, “Karvan” simfonik lövhəsinin müəllifidir.

S.Hacıbəyov yaradıcılıqla yanaşı, ictimai xadim kimi də səmərəli fəaliyyət göstərib. O, 1940-42-ci illərdə Filarmoniyanın saz ansamblının rəhbəri, 1942-45-ci illərdə Bakı Filarmoniya Orkestrinin bədii rəhbəri olub. 1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik fəaliyyətinə başlayan bəstəkar gənc kadrların yetişdirilməsində misilsiz xidmətlər göstərib.

Sənətkar 1947-55-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1955-62-ci illərdə direktoru olub. Eyni zamanda, o, 1963-cü ildə SSRİ Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü seçilib. Görkəmli bəstəkar 1969-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışıb.

Milli musiqi mədəniyyəti sahəsindəki uğurlarına görə S.Hacıbəyov 1952-ci ildə Stalin mükafatına, 1960-cı ildə “Azərbaycanın Xalq artisti” fəxri adına, 1970-ci ildə Üzeyir Hacıbəyli adına Dövlət mükafatına, 1973-cü ildə “SSRİ Xalq artisti” fəxri adına layiq görülüb.

Soltan Hacıbəyov 1974-cü il sentyabrın 19-da Bakı şəhərində vəfat edib, Fəxri xiyabanda dəfn olunub.  Ölümündən sonra Sumqayıt Musiqi Texnikumuna sənətkarın adı verilib, eyni zamanda, Soltan Hacıbəyovun yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

 

Bənzər yazılar

0.056894779205322