Quraqlıq və anomal istilər dünya bazarında pambığın 30 faiz bahalaşmasına səbəb olub. Bu, son 10 ildə qeydə alınan ən yüksək həddir. Hazırda həm pambıq istehsalına, həm də idxala görə Hindistan dünya lideridir. Həmçinin Azərbaycan da pambıq istehsalçıları arasındadır.
Maraqlıdır, bu artım geyimlərin, gigiyenik vasitələrin qiymətinə nə qədər təsir edəcək? Ölkədə pambıq əkənlər bundan fayda götürə biləcəklərmi?
Məsələni Milletinsesi.info-a şərh edən iqtisadçı-ekspert Elmir Səfərli ilk növbədə pambığın qiymətinin qalxmasına səbəb olan digər faktorlardan danışıb:
“Quraqlıq pambığın illik həcmdə istehsalının azalmasına səbəb olub. Bu kontekstdə tələbatın çox olması öz növbəsində pambığın qiymətinin artmasına birmənalı şəkildə təsir edib.
Qiymət artımının digər səbəbi isə istehsal xərclərinin qlobal olaraq artmasıdır. Belə ki, istehsal üçün vacib hesab edilən enerji, gübrə, işçilik qiymətlərində yüksək səviyyəli inflyasiya olduğundan pambığın maya dəyəri avtomatik olaraq artmış hesab olunur.
Artımın üçüncü səbəbi isə, bir çox ölkələrdə ərzaq qıtlığının qarşısının alınması üçün torpaq sahələrində pambıqdan ziyadə taxılın əkilməsinə üstünlüyün verilməsidir. Dünya əhalisinin sürətlə artması öz növbəsində taxıla olan tələbatı hər gün artırmaqdadır. Bu baxımdan tələbatı qarşılamaq üçün torpaq sahələrinin taxıl istehsalına yönəldilməsinin, taxıl istehsalında istifadə olunmasının şahidi ola bilərik”.
Mütəxəssis Azərbaycanda pambıq istehsalı üçün yetəri qədər əlverişli torpaq, mühit və coğrafi mövqenin olduğunu vurğulayıb:
“Ağ qızıl”ın istehsalı xüsusi olaraq dövlətin nəzarətindədir və bununla bağlı Azərbaycan Respublikasının Prezidentinin 2017-2022-ci illərdə pambıqçılığın inkişaf etdirilməsinə dair xüsusi sərəncamı mövcuddur. Hətta statistik rəqəmlərə nəzər salsaq, 2022-ci il üçün Azərbaycanda istehsal ediləcək pambığın həcmi 500 min ton olaraq proqnozlaşdırılır. Lakin istehsalı olduqca çətin olan pambığın əkilməsi üçün hər sahibkar investisiya qoymur. Pambıq istehsalının artırılması üçün hesab edirəm ki, dövlət pambıq istehsal edən sahibkarlara təyin olunan subsidiyaların həcmini artırmalı, vergi güzəştləri tətbiq etməli, effektiv istehsal həcminin artırılması üçün lazımlı xammal və avadanlıqları müəyyən güzəştlərlə təmin etməli, eləcə də ixrac həcminin artırılması üçün sahibkarla dəstək proqramları hazırlamalıdır”.
İqtisadçı-ekspert Asif İbrahimov isə Azərbaycanda pambıq istehsalının tarixinə nəzər salıb:
“Azərbaycan sovet dönəmində pambıq istehsalında qabaqcıl ölkələrdən biri idi. Hətta 1981-1982-ci illərdə pambıq əkini bir milyon tona çatıb. Lakin müstəqilliyin ilk illərində bu sahəyə diqqət ayrılmadı, nəticədə isə tənəzzülə uğramağa başlamışdı, 2016-cı ilə qədər də ölkəmizdə tənəzzül dövrünü yaşadı. Pambıqçılıq ənənəvi bir sahə olduğuna görə onun tənəzzüldən sonra bir sıra çətinliklər yaranmışdı. Çünki pambıqçılıq həm də toxumçuluq, o cümlədən elmi-tədqiqat laboratoriyaları deməkdir”.
Ekspert 2016-cı ildən sonra bu sahəyə ölkədə ciddi diqqət ayrıldığını və bir sıra sərəncamların imzalanmağa başladığını diqqətə çatdırıb:
“Hətta 2017-2022-ci illə bağlı dövlət proqramı hazırlandı və orada Azərbaycanda pambığın istehsal gücünün üç milyon tona çatdırılacağıyla bağlı hədəf qoyuldu. Artıq Azərbaycan istehsal etdiyi pambıq lifini və ipliyini bir sıra ölkələrə ixrac etməyə başlayıb. Bu siyahıya Rusiya, İran, Gürcüstan daxildir. Ancaq Azərbaycan pambıq istehsal edən ölkələr sırasında ilk 30-luqda yer almadığına görə bu tipli məsələlərin Azərbaycanın gəlirlərinə güclü təsiri olmayacaq”.
Həmsöhbətimiz qeyd edib ki, pambığın bahalaşması ondan hazırlanan məhsulların da qiymətinin artmasına səbəb olacaq:
“Pambıq bir çox sənaye məhsulunun xammalıdır. O, gigiyenik vasitələrdə, geyim məhsullarında istifadə olunur. Ona görə də 30 faiz artım həmin məhsullarda bahalaşmaya səbəb olacaq. Ümumiyyətlə, düşünürəm ki, pambıqla birbaşa və ya dolayı yolla əlaqədar olan sahələrdə qiymət artımı müşahidə ediləcək. Çünki qiymət xərclərdən formalaşır”.
Məlumdur ki, pambıq torpaqları şoranlaşdıran, su resurslarını tükədən bitki hesab olunur. Bəs görəsən, bunları önləmək üçün onun becərilməsində hansısa yeni, qənaətcil texnologiya hazırlanıbmı?
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov Milletinsesi.info-ın sorğusuna cavab olaraq əvvəlcə ötən il istehsal edilən pambıq məhsulunun həcmindən və onun ölkəyə gətirdiyi gəlirdən söz açıb:
“Ötən təsərrüfat ilində 100 min 500 ha sahədə pambıq əkilmişdi. İstehsal 286.7 min ton həcmində idi. Məhsuldarlıq isə bir hektardan 28,5 sentner olub. Cari ildə isə 104. 4 min ha sahədə pambıq əkildi. Hazırda intensiv becərmə işləri davam etdirilir”.
Qurum rəsmisi pambığın becərilməsində innovativ becərmə və suvarma üsullarından istifadə olunduğunu da bildirib:
“Çin texnologiyası, tirə üsulu ilə pambıq əkini həyata keçirilir. Bəzi qabaqcıl təsərrüfatlarda pivot, damlama, tamburlu suvarma texnologiyalarından istifadə edilərək pambıq əkin sahələri suvarılır. Ümumiyyətlə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin layihəsi əsasında yeni texnologiyalar tətbiq edilərək ölkədə pambıq əkilir və uğurlu nəticələr əldə olunur”.
Sayad Həsənli