Azərbaycanlı hərbi jurnalist, Baku TV-nin əməkdaşı Fərdin İsazadə ASALA erməni terror təşkilatının üzvü tərəfindən təhdid olunub.
F.İsazadənin verdiyi məlumata görə, ona təhqirlə müşayiət olunan təhdid mesajı “Telegram” sosial şəbəkəsi üzərindən daxil olub.
“Mənim üçün bu təhdidlər heç bir əhəmiyyət kəsb etməyən boş sözlərdir. Necə işləmişəmsə, eyni tempdə işləməkdə davam edəcəm. Bu işdə internetin erməni seqmentinin klaviatura “qəhrəman”larına diqqət yetirməyə ehtiyac yoxdur. Necə ki, erməni silahlılar 2020-ci ilin payızında Azərbaycan Ordusuna mane ola bilmədilər, eyni ilə bizim də hadisələri işıqlandırmağımızın qarşısını ala bilməzlər”.
Bununla belə, hərbi jurnalist hesab edir ki, belə situasiyalarda ayıq-sayıq olmaq lazımdır, çünki həm erməni cəmiyyətində, həm də erməni separatçıları arasında “incik qalanlar” az deyil.
“Biz Qarabağdan, Şərqi Zəngəzurdan verilişlərimizi necə yayımlayırdıqsa, fəaliyyətimizi eyni şəkildə davam etdiririk. Qarabağda məni hədələyənlərin hər biri ilə şəxsən görüşməyə hazıram, orada daim öz peşəkar fəaliyyətimlə məşğulam, ermənilərin iddia və təhdidlərinə istənilən formada və layiqincə cavab vermək iqtidarındayam”.
F.İsazadə sosial şəbəkələrdən istifadə edən ermənilər tərəfindən əvvəllər də təhdid olunduğunu, amma ASALA-dan olan təhdidlə ilk dəfə qarşılaşdığını vurğulayıb.
“Mən bu çağırışı qəbul edirəm. Daim Qarabağa, Şərqi Zəngəzura gedirəm. Azərbaycanlılar ora əbədi qayıdıblar. Bu yaxınlarda Azərbaycan-Ermənistan şərti sərhədindən böyük reportaj çəkdik. Biz sosial şəbəkələrdə aktivik və mən ermənilərin təhdidlərini işimizlə bağlı narahatlıqla əlaqələndirirəm”.
Fikrinin sonunda azərbaycanlı hərbi jurnalist bir daha vurğuladı ki, təhdidlərə baxmayaraq peşəkar fəaliyyətini gücləndirməkdə davam edəcək.
Mənbə: Caliber.Az