Rasilə Arifqızının işi məhkəməyə GÖNDƏRİLİB

 23-08-2022

Lənkəran Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Rasilə Arifqızı barəsində açılmış cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Lənkəran Rayon Prokurorluğundan bildirilib.

Belə ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb.

İstintaqla, Rasilə Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Xatırladaq ki, araşdırma zamanı müəyyən edilib ki, Rasilə Arifqızı 14 iyul 2022-ci il tarixdə saat 09 radələrində qeyd edilən təhsil müəssisəsinin şagirdi Günel Əliyevanı (şərti olaraq) öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib, bundan sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan G.Əliyevanın iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.

Eyni zamanda keçirilən məhkəmə-tibb ekspertizasının rəyinə əsasən Günel Əliyevanın bədəni üzərində dərəcələri təyin edilməyən xəsarətlər aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. 

Bənzər yazılar

0.21907496452332