Şəki şəhəri, Dodu məhəlləsində yerləşən 9 nömrəli məktəb hələ də sovet izlərini qoruyub saxlayır.
Ölkə.Az xəbər verir ki, məkəbin divarları üzərində sovet dövrünün simvolu olan pioner təsvirləri hələ də qalmaqdadır.
Yerli əhali arasında “rus məktəbi” adlandırılan bu təhsil müəssisəsinin divarının bir çox hissəsində sovetdənqalma bu izlər hələ də sökülməyib. Bəziləri bunu normal qarşılasa da, müstəqillik dövründə bu cür izlərin qalmasına tənqidi yanaşanlar da var.
Məktəblə bağlı digər bir məsələ isə təhsil müəssisəsinin baxımsız vəziyyətdə olmasıdır.
Qeyd olunur ki, məhz bu səbəbdən sözügedən təhsil müəssisəsində oxuyan şagirdlərin sayı ildən-ilə azalır. Şagirdlərin sayının azlığından təhsil ocağının bir hissəsinin bağça kimi fəaliyyət göstərdiyi də deyilir.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, Şəki şəhər 9 nömrəli tam orta məktəbin binası 1983-cü ildə inşa olunub: "Məktəbin əsaslı təmir olunması nəzərdə tutulur. Əsaslı təmir zamanı binanın fasad hissəsində də müasir memarlıq elementləri əksini tapacaq" - cavabda qeyd edilib.
Şəki-Zaqatala RTİ-dən məktəbin bir hissəsinin bağçaya çevrilməsi ilə bağlı iddialara isə münasibət bildirilməyib.