Bəzi uşaqların dünyaya göz açandan bəri şansı gətirmir. Çünki dünyaya gələr-gəlməz valideynləri tərəfindən tərk edilir. Əşya kimi küçəyə və ya zibilliyə atılır, istənməyən körpə adlandırılırlar. Tez-tez bu barədə informasiyalar alırıq.
Bəs görəsən, körpəsindən imtina edən valideynləri hansı cəza gözləyir? İstənməyən uşaqları dünyaya gətirib atanların aqibəti necə olmalıdır?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, uşaqların zibilliyə atılması cinayət hesab olunur:
“Uşaqların küçəyə, zibilliyə atılması cinayətdir. Bu, faktiki olaraq valideynlərin körpələrini öz əlləri ilə öldürməyi deməkdir. Bu, çox ağır şəkildə azadlıqdan məhrumetmə cəzasına kimi yüksələ bilər. Həmin valideyn ən azı 10 il azadlıqdan məhrumetmə ilə cəzalandırılmalıdır”.
Ə.Həsənov qeyd edib ki, valideynlikdən məhrumetmə hüququndan imtinanın cəzası yoxdur: “Yalnız valideynlər bu halda dövlətə aliment ödəməlidirlər. Məsələyə hüquq və qanundan başqa heç kim təzyiq edə bilmir. İctimai qınağı da sınamalıyıq. Sosial səbəblər bunu etmək üçün səbəb deyil. Bu, fakt hesab olunmur. Ümumiyyətlə uşağı dövlətə təhvil verməyi daha yüksək hesab edirəm”.
Hüquqşünas əlavə edib ki, Azərbaycanda aborta münasibət liberaldır: “12 həftəyə qədər ümumiyyətlə heç bir əsas olmadan abort etmək olar, 22 həftəyə qədər sağlamlıqla bağlı hansısa bir səbəblər varsa, qanun da buna icazə verir. Uşağı dünya gətiribsə, baxması da şərtdir”.
Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, səbəb nə olur olsun, körpəni atmaq olmaz:
“Belə halların bir sıra səbəbləri var. Cahillik, erkən nikahlar, övlad sevgisinin olmaması, imkansızlıq ola bilər. Lakin səbəbdən asılı olmayaraq, insan öz körpəsini ata bilməz. Övladı saxlaya bilməyəcəksənsə, ailə qurma və ya istəmədiyin övladı dünyaya gətirmə”.
M.Qasımlı fikrincə, ictimai qınaq olmalı və sərt qanuni tədbirlər görülməlidir:
“Ayrı-ayrı şəxslərin belə qeyri-insani hərəkətlərinin yükü yekunda dövlətin üstünə düşür. Sonradan cəmiyyətdə bir sıra sosial problemlər yaranır və onları da dövlət həll etməli olur. Sağlam ailə, sağlam cəmiyyət deməkdir. Körpəsindən imtina edənləri televiziyalara çıxarmaq, az qala təbliğ etmək nə qədər düzgündür? Belə hallara qarşı ictimai qınaq olmalı və sərt qanuni tədbirlər görülməlidir”.