Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun İsveçrədəki evinin görüntüsü yayılıb.
Bu barədə araşdırmaçı jurnalisr Cavanşir Həsənli sosial şəbəkədə məlumat paylaşıb.
Onun sözlərinə görə, ev keçmiş nazirin oğlu Asim Müslümlünün adınadır. Sabiq nazirin oğlu hazırda İsveçrənin Cenevrə şəhərində yaşayır. Ev Cenevrənin Ch. Jacques-Attenville 13E, 1218 Le Grand-Saconnex ünvanında yerləşir.
Onu da qeyd edək ki, bir müddət öncə sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun oğlu Turqay Müslümlü Edinburq Universitetini başa vurduqdan sonra biznes fəaliyyətinə başladığı barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yaymışdı.
Həmin məlumatda araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirmişdi ki, T.Müslümlü 2017-ci ilin noyabrın 23-də Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində 4 şirkət qeydiyyatdan keçirib:
“Şirkətlər Turqay Müslümovun yaşadığı ünvanda – Binəqədi rayonu, Ziya Bünyadov , ev 7a-da hüquqi qeydiyyata alınıb.
1."Orion Global" Məhdud Məsuliyyətli Cəmiyyəti əsasən xidmət sahəsini əhatə edir. Dəbdəbəli “Orion Palace” Səlim Müslümovun biznesində əhəmiyyətli yer tutur və bu şirkət üzərindən idarə olunur.
2."Orion Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti tikinti sahəsində fəaliyyət göstərir.
3."Orion Cars" Məhdud Məsuliyyətli Cəmiyyəti şəhərin müxtəlif səmtlərində bahalı və VİP salonlu avtomobillərin icarəsi ilə məşğuldur.
4."Orion Creative Solutions” Məhdud Məsuliyyətli Cəmiyyəti əvvəlcə Turqay Müslümlünün adına qeydiyyatdan keçirilsə də, sonradan Səlim Müslümovun digər oğlu Asim Müslümlünün adına rəsmiləşdirilib.
Asim Müslümlü də Britaniyada, Edinburq Universitetində təhsil alıb, hazırda İsveçrədə yaşayır.
Qeyd: Səlim Müslümov 1995-ci ildən bəri hazırki iqtidarın komandasında yüksək vəzifələr tutub, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib.
MillətinSəsi.info