Bakı şəhəri Salatın Əsgərova küçəsi, 106 ünvanda ikiotaqlı, sahəsi 52 kv.m olan mənzildə daimi pasport qeydiyyatında yaşayan ailə bu gün evsiz qalıb. Həmin evdə dörd nəsil yaşayan ailə birdən-birə mənzillərindən çıxarılaraq, küçələrdə qalmağa məcbur edilib. Hara müraciət etsələr də, şikayətlərinə məhəl qoyan tapılmır. Əslində, məhkəmələr bu ailənin haqqını tanıyıb. Şirkət isə məhkəmələrin ədalətli qərarını tanımaqdan imtina edir.
Redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən, hazırda ahıl yaşında Bakı şəhəri, Pirşağı qəsəbəsində müvəqqəti məskunlaşan Əli Əliyev və onun həyat yoldaşı Tamilla Əliyeva bütün dövlət hüquq-mühafizə, məhkəmə orqanlarına edilən müraciətlərə baxmayaraq, pozulmuş hüquqlarını bərpa edə bilməyiblər. Buna görə də Əliyevlər ailəsi həm evlərinin əllərindən alınmasına görə, həm də ailə başçısı Əli Əliyevin sağlıq durumunun ağırlaşaraq yataq xəstəsi olması üzündən hədsiz üzüntü və həyəcan içində yaşayır.
Nəhayət, şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Əli Əliyevin həyat yoldaşı Tamilla Əliyeva Prezidentin “Problemlərinizi deyin...” çağırışına güvənərək, dövlət başçısına üz tutduğunu bildirib.
T.Əliyeva deyir ki, yoldaşı ağır xəstəlikdən əziyyət çəkir və bu gün öz ata-baba yurdundan çıxarılmasına, haqqını bərpa edə bilməməsinə görə xəstəliyi daha da ağırlaşıb. Bildirir ki, 2018-ci ilin yanvarında İmişli rayonundan sabiq millət vəkili Əsabil Qasımova məxsus və qardaşı Vüqar Qasımov tərəfindən idarə olunan “MALİBO” MMC şirkəti ərazidə “Pilot layihə” adı altında köhnə evlərin yerində hündürmərtəbəli evlər tikiləcəyini deyərək, sakinləri ərazidən köçürüblər. Sakinlərlə danışıqları şirkət adından Nicat Sadıqov aparıb.
2018-ci ilin 25 mayında “MALİBO” MMC ilə aralarında bağlanan müqaviləyə görə, göstərilən ünvanda 10-cu blok, 9-cu mərtəbədə Əliyevlərə məxsus 52 kv.m ikiotaqlı köhnə mənzilin əvəzinə, onlara təmirsiz 60 kv.m yeni mənzil veriləcəyi barədə sövdələşmə olub. Şirkət evi 24 aya təhvil vermədikləri təqdirdə, hər ay Əliyevlərə 400 manat kirayəhaqqı ödəyəcəklərini müqavilədə qeyd ediblər.
Razılığa əsasən şirkət evi söküb. Daha sonra MALİBO-nun rəhbərləri Əliyevlərə verdikləri müqaviləni məhkəmələr yolu ilə ləğv etməyə və ailəni mənzilsiz qoymağa çalışıblar.
T.Əliyeva deyir ki, 4 il müddətində şirkətlə məhkəmə çəkişmələri olub. Üstəlik şirkət ailəyə müvəqqəti narahatlığa görə heç bir kirayə haqqı ödəməyib. Əliyevlərin mənzillərini geri almaq idiası ilə baş vurduğu Nəsimi rayon məhkəməsi, Bakı Apelyasiya və Ali Məhkəməsi “Malibo” MMC ilə Əliyevlər arasında bağlanmış 25.05.2018 tarixli 126 saylı müqaviləni etibarlı hesab edərək, onlara tikiləcək binadan mənzilin verilməsi barədə Qərar qəbul edib.
T.Əliyeva bildirib ki, nəhayət, mənzillərinin haqqını almaq üçün 2022-ci ilin aprel ayında Ali Məhkəmənin qərarını əsas tutaraq, “MALİBO” MMC-nin ofisinə üz tutublar. Onlar şirkətin meneceri Nicat Sadıqova məhkəmənin qərarını təqdim edib, nəhayət, mənzillərinin onlara təhvil verilməsini istəyiblər.
“Nicat Sadıqov bizə bildirdi ki, şirkətin rəhbərləri Əsabil və Vüqar Qasımov qardaşlarının tapşırığına əsasən, bizə nə mənzil, nə də kirayəhaqqı vermədilər. Məhkəmənin qərarı onlar üçün əsas deyil, hara istəyirsiniz, şikayət edin”.
Beləcə, çarəsiz nə edəcəklərini bilməyən Əli Əliyev, xanımı Tamilla Əliyeva ölkə başçısı İlham Əliyevdən kömək istəyirlər. Səslərini dövlət başçısına çatdırmaq üçün mediaya üz tutublar.
“Cənab Prezident!
Xahiş edirik, haqqımızı qoruyun. Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu halda, şirkət rəhbərliyi Azərbaycanda qanunları saymır, qərarı icra etmir! “MALİBO” MMC-nin vəzifəli şəxsləri barəsində tədbir görülməsində və bizim ailənin mənzillə təmin olunmasında və kirayə haqqı ödənilməsində köməklik göstərməyinizi Sizdən xahiş edirəm.”
P.S. Şikayətlə bağlı qarşı tərəflə dəfələrlə əlaqə yaratmaq istəsək də, zənglərimiziz cavabsız qaldı. Bununla belə, səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.