“Baku İnternational Tobacco” MMC barəsində inzibati iş başlanıb.
MillətinSəsi.info xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə ittiham olunur. Həmin maddədə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslərin min, hüquqi şəxslərin isə min beş yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.
İşə Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovin sədrliyi ilə baxılacaq.
“Baku İnternational Tobacco” MMC 12 iyun 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 15 187 120 AZN olan şirkətin qanuni təmsilçisi Qasımov Tural İsmayıl oğludur.
Mediada gedən məlumatlara görə, “Baku İnternational Tobacco” MMC fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasının subyektlərindən biridir. Şirkətin icraçı direktoru Emil Sultanovdur.
Emil Sultanov Kəmaləddin Heyədorva məxsus olduğu bildirilən “STR İmport and Distributon”, “Delfin-Tikinti”, “MNK”, “Az Sole Co Ltd”, “Az Refrigerator Ko Ltd”, “Dəniz Co. Ltd”, “Azcapital Services”, “Real Estate Management”, “İlandağ İnvestment Group”, “İlandağ Services”, “Kaspia Real Estate Group”, “Kaspia Real Estate Services”, “Hereti Real Estate”, “Bio Box” (əvvəlki adı “General Management Consulting”), “Gilan Vegetables”, “Gilan Aqro”, “Gilan Plastik”, “Gilan İnşaat” və “Gilan Zeytun” şirkətlərinin də icraçı dirtektorudur.
Bu məlumatlar indiyə qədər təkzib olunmayıb.
“Baku İnternational Tobacco” MMC 2019-cu ildə İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 272050 manat məbləğində cərimə olunub. Şirkət qərardan apellyasiya şikayəti verib. Lakin məhkəmənin nəticəsi barədə açıq mənbələrdə məlumat yoxdur.
“Baku İnternational Tobacco” MMC Azərbaycanda siqaret istehsalını həyata keçirən şirkətdir.
Mənbə Qaynarinfo.az