Ötən gün Müdafiə Nazirliyi sosial şəbəkələrdə ölkə başçısına müraciət edən ehtiyata buraxılmış polkovnik Elnur Məmmədovla bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, E.Məmmədovun sosial şəbəkələr vasitəsilə yaydığı məlumatlar yalandır, heç bir əsası yoxdur.
Yeniavaz.com xəbər verir ki, polkovnik daha əvvəl sözügedən videoda müdafiə nazirinin qəbuluna düşə bilməməsindən şikayətlənib.
O bildirib ki, özü və iki oğlu Vətən müharibəsində iştirak edib və yaralanıb:
“Cənab Prezident, möhtərəm Ali Baş Komandan, mən - polkovnik Məmmədov Elnur Teymur oğlu 1992-ci ildən Azərbaycan ordusunda xidmət edirəm. Torpaqlarımızın azad olunması uğrunda aparılan döyüşlərdə iştirak etmişəm, yaralanmışam, dəfələrlə kontuziya almışam. Mayor rütbəsini mənə vaxtından əvvəl Ulu öndərimiz, rəhmətlik Heydər Əliyev layiq bilib.
İki oğlum var. Hər ikisi və mən Vətən müharibəsi iştirakçısıyıq. Hər iki oğlum Vətən müharibəsində iştirak edib, yaralanıb. Oğlanlarımdan biri və mən Vətən müharibəsində fərqləndiyimizə görə sizin tərəfinizdən mükafatlandırılmışıq.
Azərbaycan Ordusunda olan özbaşınalıqlar və qanunsuzluqlarla əlaqədar müdafiə nazirinin qəbuluna düşməyə dəfələrlə cəhd və müraciət etsəm də, əfsuslar olsun ki, bu günə qədər buna nail ola bilməmişəm. Əksinə, cənab nazir məni qəbul etmək əvəzinə tutduğum vəzifədən azad edib. Azərbaycan ordusunda olan özbaşınalıqlar və qanunsuzluqlarla əlaqədar məni qəbul etməyinizi xahiş edirəm”.