Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib

 19-04-2024

“Ötən il Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2020-2022-ci illəri əhatə edən 6 uyğunluq auditi keçirilib”.

“Report” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında Palatanın 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

“Ümumilikdə İdarə tərəfindən auditlərlə müəyyən edilmiş pozuntu məbləği 120 milyon manatdan çox olub. Bütün auditlər üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilib”, - V.Gülməmmədov deyib.

Onun sözlərinə görə, hesabat ilində İdarə tərəfindən aparılan 6 tədbir də daxil olmaqla 15 nəzarət tədbiri üzrə müvafiq materiallar kollegiyanın qərarına əsasən Baş Prokurorluğuna və Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim edilib:

“Hesabat tərtib edildiyi tarixə olan məlumatlara əsasən, hesabat ilində 2023-cü ilin və əvvəlki illərin nəzarət tədbirləri üzrə 0,9 milyon manatın bərpası təmin edilmiş və bu istiqamətdə işlər davam etdirilir”.

Nəzarət tədbirlərinin orta davam etmə müddətinin qısaldılması, dövlət orqanlarında elektron uçot sisteminin tətbiqinin genişləndirilməsi, dövlət maliyyə məlumatlarının vahid elektron bazasının yaradılması, elektron büdcə sisteminə keçid, süni intellektə əsaslanan risklərin müəyyən edilməsi bu hədəfə çatmağa imkan verə bilər. Əks halda palatanın ştat vahidlərinin sayının artırılması kimi klassik tədbirlərə ehtiyac yaranacaq”.

Ümumiyyətlə, Hesablama Palatası 2023-cü il üçün əməliyyat planının 91,7%-ni icra edib. Bu, əvvəlki illə müqayisədə 10,4% artım deməkdir.

V.Gülməmmədov  palata tərəfindən dövlət büdcəsi gəlirlərinin 95,4%-nin, xərclərinin isə 77,6%-nin auditinin aparılmasını mövcud imkanlar çərçivəsində məqbul hesab edir:

“Hesabat ilində palata tərəfindən monitorinq fəaliyyətinin genişləndirilməsini, verilən təkliflərini izlənməsinin artırılmasını təqdirə layiq hal hesab edirik. Ümumiyyətlə, düşünürük ki, hər il nəzarət tədbirləri zamanı aşkar edilən nöqsanların təkrarlanması bu halların olmaması üçün verilən bütün təkliflərin izlənməsini vacib edir. Bunu üçün müəyyən maarifləndirici alətlərdən də istifadə edilməsini vacib sayırıq”.

O əlavə edib ki, hesabatda palata tərəfindən ilk dəfə olaraq həyata keçirilən hökumət əsaslı Dayanıqlı İnkişaf Məqsədlərinin qiymətləndirilməsi, konsolidə edilmiş maliyyə hesabatlarının auditinin aparılması, investisiya fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi haqqında geniş məlumatlar verilib: “Biz bu istiqamətlərdə palatanın fəaliyyətini məqbul hesab edirik”.

Hesablama Palatasının audit və analitik fəaliyyət üzrə dövlət maliyyəsinin idarəedilməsində ümumi nöqsan məbləği 1 milyard 971,9 milyon manat müəyyən edilib. O, ümumi nöqsan məbləğini bir neçə qrupda təsnifləşdirib:

“İlk qrup büdcə zərəridir. Hesablama Palatasının Kollegiyası tərəfindən büdcəyə zərərin 103,2 milyon manat olduğu hesablanıb. Bu məbləğ - artıq və əsassız xərclər, görülməmiş iş və xidmətlər, alınmamış mallar, hesablanmamış və ödənilməmiş vergilər, ilkin təsdiqedici xərc sənədlərinin saxtalaşdırılması, dövlət satınalmalarındakı müxtəlif xarakterli qanunsuzluqlar və büdcə vəsaitlərinin düzgün idarə edilməməsidən ibarətdir”.

“Hesablama Palatası tərəfindən iki və daha çox sayda audit keçirilmiş obyektlərin 69,6%-də maliyyə intizamının nisbətən güclənməsi qeydə alınıb. Bu göstəricidən çıxış etsək, nəzarət tədbirlərinin həm maliyyə, həm də fəaliyyət baxımından əhatə dairəsinin davamlı olaraq genişlənməsi vacib hesab edilə bilər. Səmərəlilik auditinin fəaliyyət üzrə əhatə dairəsinin genişlənməsi bir çox maliyyə pozuntularının səbəblərinin erkən aradan qaldırılması üçün faydalıdır. Audit sahəsində aparılan araşdırmalar da göstərir ki, nöqsan və çatışmazlıqların erkən müəyyən edilməsi dəyən zərərin əhəmiyyətli hissəsinin qarşısının alınmasına imkan yarada bilir və bu daha səmərəli fəaliyyətdir.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, nəzarət tədbirlərinin planlaşdırılmasında Milli Məclis deputatlarının çıxışlarının da nəzərə alınması, nəzarət tədbirlərinin, əsasən, icra edilməsi və bu barədə audit nəticələrinin Milli Məclisə təqdim edilməsi və dərc edilməsi yaxşı nəticə hesab edilir.

“Hesablama Palatası tərəfindən keçirdiyi auditlərin sayı və əhatə dairəsinin artması üçün bir sıra istiqamətlərdə əlavə tədbirlərin görülməsinə və resursların artırılmasına ehtiyac var”.

Onun sözlərinə görə, maliyyə auditinin əhatə dairəsinin 8,6 milyard manata, uyğunluq auditinin əhatə dairəsinin isə 5,8 milyard manata yüksəlməsi müsbət haldır.

“Nəzarət tədbirləri ilə büdcəyə zərərdən əlavə, digər maliyyə pozuntuları da qeydə alınıb ki, bu pozuntuların məbləği 459,3 milyon manata bərabər olub. Bu məbləğə vahid büdcə təsnifatına (VBT) əməl olunmaması, satınalma prosedurlarının tətbiq edilməməsi, mal və xidmət alışının orta bazar qiymətindən baha əldə edilməsi nəticəsində dövlət vəsaitinə qənaət olunmaması, ilin sonunda qalığın büdcəyə silinməməsi və s. pozuntular aid edilib”, - V. Gülməmmədov vurğulayıb.

“Növbəti qrup maliyyə hesabatlarındakı təhriflərlə bağlıdır ki, bu da 1 milyard 252,5 milyon manat həcmindədir. Sonuncu qrupa səmərəsiz xərcləri aid edilib. Hazırda ölkə qanunvericiliyində bu anlayışa rast gəlinmir. Biz beynəlxalq təcrübəyə istinad etməklə səmərəsiz xərcləri hesablamağa çalışmışıq. Başa çatdırılmış auditlərlə əhatə olunan qurumlar tərəfindən ümumilikdə 156,8 milyon manat məbləğində səmərəsiz xərclərə yol verildiyi müəyyən edilib. Bu, qurumun fəaliyyətinin nəticəsi, iqtisadi qənaətliliyi və vəsaitlərin effektiv idarəedilməsi ilə bağlıdır”, - Palatanın rəhbəri qeyd edib.

 

Bənzər yazılar

0.16897201538086