Əsgərovların bankının qazancı azalır - Mərkəzi Banka borcu 2 dəfə artıb

 17-04-2024

“Premium Bank” ASC 2024-cü ilin ilk rübü üzrə maliyyə nəticələrini açıqlayıb. 

“Ölkə.Az”ın məlumatına görə, cari ilin martın 31-nə bankın cəmi aktivləri 675 mln 434 min manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% azdır.

Müştərilərə verilmiş kreditlərin həcmi illik müqayisədə 2% azalaraq 478 mln 233 min manat təşkil edib.

Bankın depozit portfeli 64 mln 576 min manat və ya 13,5% azalaraq 415 mln 94 min manata enib. Bankın cəmi öhdəlikləri isə illik müqayisədə 5,3% azalma nümayiş etdirərək cari ilin martın 31-nə 495 mln 739 min manat təşkil edib.

Mərkəzi Banka borcu 2 dəfə artıb

Bankın cəmi öhdəliklərinin tərkibində Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri 67 mln 815 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 çoxdur.

“Premium Bank”ın cəmi kapitalı isə illik müqayisədə 1,4% azalaraq 179 mln 695 min manata enib.
İlk rübdə bankın xalis faiz gəlirləri 4 mln 964 manat, xalis qeyri-faiz xərcləri isə 2 mln 37 min manat təşkil edib. Əməliyyat mənfəəti 2 mln 927 min manat olan “Premium Bank” mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 357 min manat ayırıb. 

Mənfəəti azalıb

Mənfəətindən vergi ödəməyən bank 2024-cü ilin ilk rübünü 2 mln 570 min manat xalis mənfəətlə başa vurub. Bu isə 2023-cü ilin birinci rübü ilə müqayisədə 26,7% azdır.

Xatırladaq ki, “Premium Bank” ASC-nin səhmlərinin 84,47%-i Zərifə Həmzəyevaya, 15,22%-i “VIP Aviasiya Xidmətləri Şirkəti” MMC-yə, 0,31%-i Elvira Əhmədovaya məxsusdur.

Qeyd edək ki, bankın əsas səhmdarı olan Zərifə Həmzəyeva “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin sabiq prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır.

Bənzər yazılar

0.059307813644409