Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur

 12-04-2024

Sumqayıt şəhərinin Corat qəsəbəsindəki tarixi Hacı Məcid hamamı uzun illərdir ki, baxımsız vəziyyətdədir.

Bu barədə sakinlər məlumat veriblər.

Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. 

Qeyd olunub ki, Corat sakinləri arasında “köhnə hamam” kimi də tanınan və tarixi XV-XVI əsrlərə aid edilən bu tarixi abidə artıq neçə ildir ki, baxımsızlıq səbəbindən zibilliyə çevrilib. Belə bir tarixi sərvətin zibilliyə çevrilməsinə isə aidiyyəti qurumlar sadəcə göz yumurlar.

Sakinlər onu da bildiriblər ki, tarixi abidələr siyahısında yer alan köhnə hamam ərazisinin zibilliyə çevrilməsinin əsas səbəblərindən biri də orada heç bir təmir-bərpa işləri aparılmamasından və cavabdeh qurumların tarixi tikiliyə laqeyd münasibətindən yaranıb. Beş əsrlik yol gələn Hacı Məcid hamamı sonuncu dəfə 1985-ci ildə təmir edilib və1988-ci ilə qədər istifadə olunub. Ondan sonra isə baxımsızlıqdan yox olmaq təhlükəsi ilə üz-üzə qalıb.

Hamamın unikallığı ondan ibarət olub ki, əvvəllər bura gələn kükürdlü suyun isinməsi üçün tək bir şamın olması kifayət edirmiş. Bu səbəbdən ona yerli sakinlər həm də “bir şam ilə qızan” hamam deyiblər.

Hacı Məcid hamamında kanalizasiya borularının saxsıdan olması da maraqlı faktlardan biridir. Məhz həmin borular vasitəsilə əvvəllər hamamın həyətindəki quyuya yaxınlıqda yerləşən Nəbi bulağından kükürdlü su gəlib. Təəssüf ki, bu gün həmin quyu da quruyub.

Belə ki, tarixi hamam ərazisinin zibilliyə çevrilməsi və təmir-bərpa işlərinin aparılmaması ilə bağlı daxil olan şikayət əsasında aidiyyəti qurumlara sorğu ünvanladıq.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu hamam dövlət mühafizəsinə götürülmüş abidələrin siyahısına daxil deyil.

Həmin siyahıya daxil edilməsi üçün qeydiyyata alınıb və lazımi tədbirlər görülür. Hamamın ətrafına və içərisinə məişət tullantılarının atılması ilə bağlı dəfələrlə tədbirlər görülsə də, eyni hallar yenidən təkrarlanır. Təxminən bir neçə ay öncə də analoji hal baş vermişdi və yerli icra orqanları ilə birgə təmizlik işləri aparılmışdı.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib ki, sözügedən tarixi abidə Mədəniyyət Nazirliyinin balansındadır, ərazidə təmizlik işləri aparılacaq.

Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən isə qeyd edilib ki, tarixi bina birmənalı olaraq qurumun balansında deyil.

“Hacı Məcid yeni aşkar olunmuş abidə kimi qeydiyyata alınıb. Dövlət mühafizəsinə götürülmüş abidələrin siyahısına daxil edildikdən sonra bərpa və istifadəsi məsələsinə baxılacaq”, - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, Corat qəsəbəsində mövcud olmuş iki tarixi hamamdan biri hesab olunan Hacı Məcid hamamı Sumqayıt şəhərinin Corat qəsəbəsində, Səməd Vurğun küçəsindən 60-70 metr aralıda, qəsəbənin daxilinə uzanan küçənin sağ tərəfində yerləşir. 

 

Bənzər yazılar

0.11344408988953