Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilib, yenidən qurulacaq

 08-04-2024

Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, son dövrdə qlobal iqlim dəyişmələri və ölkədə suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində davamlı tədbirlər görülmüş, xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması, bir sıra ərazilərdə torpaqların yeni meliorativ sistemlərlə təchiz edilməsi, qənaətcil və mütərəqqi suvarma üsullarından istifadə dəstəklənib:

“Uzun illər ərzində bu istiqamətdə görülən işlər, o cümlədən iri su anbarlarının, hidroqovşaqların, suvarma və kollektor-drenaj sistemlərinin, nasos stansiyalarının və digər infrastrukturların qurulub istifadəyə verilməsi ölkədə su təminatının yaxşılaşdırılmasına, su itkilərinin qarşısının alınmasına, habelə aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə verib.

Ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Fasiləsiz istismar olunduğu 65 ildən çox müddət ərzində sözügedən kanalın cari və əsaslı təmirinə baxmayaraq, onun torpaq məcrasında baş verən dəyişikliklər, eləcə də qurğuların öz funksiyasını itirməsi su itkisinin artmasına səbəb olub. Bununla əlaqədar kanalın yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanıb”.

Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalı yenidən qurulacaq və onu adı Şirvan suvarma kanalı adlandırılacaq.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Yevlax Şəhər İcra Hakimiyyəti, Ağdaş, Göyçay, İsmayıllı, Kürdəmir, Ağsu, Şamaxı və Hacıqabul rayon icra hakimiyyətləri, həmçinin digər aidiyyəti dövlət orqanları (qurumları) Şirvan suvarma kanalının yenidən qurulmasından irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görməlidir.

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya bu Sərəncamın 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən suvarma kanalının yenidən qurulmasının cari ildə və növbəti illərdə maliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlər görməlidirlər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

Bənzər yazılar

0.06010913848877