Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət zonasının ərazisində ticarət mərkəzinin tikintisinə icazə verib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi sahəsi 674,74 kv. metr olacaq ticarət mərkəzi 1 mərtəbədən və zirzəmidən ibarət olacaq.
Məlumat üçün bildirək ki, daha əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən “Sea Breeze” istirahət zonasının ərazisində çoxsaylı yaşayış binalarının və 4 mərtəbəli avtodayanacağın tikintisinə icazə verib.
Qeyd edək ki, “Sea Breeze” yaşayış və istirahət kompleksi Azərbaycanın Xalq artisti Emin Ağalarova məxsusdur. Bu kompleksə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.
Məlumat üçün bildirək ki, mart ayının 22-də Emin Ağalarovun vitse-prezidenti olduğu "Crocus Group" şirkətinin Moskvada yerləşən "Crocus Sity Hall" ticarət mərkəzində dəhşətli terror hadisəsi baş verib. Hadisə nəticəsində yüzlərlə insan həlak olub və yaralanıb. Ticarət mərkəzinin tərkibində fəaliyyət göstərən Müslüm Maqomayev adına konsert zalı isə tamamilə yararsız vəziyyətə düşüb.
Onu da qeyd edək ki, ötən il mətbuata verdiyi açıqlamada Azərbaycanın Xalq artisti Emin Ağalarov atasına – tanınmış iş adamı Araz Ağalarova məxsus olan “Crocus Group”un birinci vitse-prezidenti vəzifəsindən istefa verərək “Agalarov Development” adlı yeni şirkət yaratdığını açıqlayıb.
Elnur Əli