Ermənistan sərhədə qoşun yeridir - Yaxın günlərdə müharibə olacaq?

 31-03-2024

Ermənistanın sərhədə canlı qüvvə və hərbi texnika cəmlədiyinə dair informasiyalar yayılıb. Erməni ordusunun hansı məqsədlə kazarmadan çıxdığı məlum olmasa da, hərəkətə keçdiyi dəqiqdir. Çünki 1 aprel-28 iyun tarixlərində Ermənistanda ehtiyatda olanların hərbi təlimlərə çağırılıb. Hesab etmək olar ki, canlı qüvvə və hərbi texnikanın hərəkətliliyi bu təlimlərlə bağlıdır.

Lakin təlimlərdə müəyyən detallar xüsusilə diqqət çəkir.

Birincisi, təlimə çağırılan hərbçilərin sayı 5 minə yaxındır və xüsusi üstünlük zabit heyətinə verilib (4799 nəfər: 4353 nəfər sıravi və kiçik rütbəli zabit, 144 nəfəri böyük rütbəli zabitdir, 302 nəfəri isə motoatıcı və rabitə korpusunun, o cümlədən, kəşfiyyat, mühəndislik və raket artilleriya ixtisasları olan zabitlərdir): mövcud vəziyyətdə 5 minə yaxın hərbçinin təlimə cəlb edilməsi şübhələrə yol açır;

İkincisi, təlimə cəlb edilən hərbçilərin Azərbaycana qarşı təxribatlara cəlb edildiyi təcrübəsi var: ötən ilin sentyabrında sərhəddə törədilən erməni təxribatından sonra ordumuzun cavab addımları nəticəsində məhv edilən hərbçilər arasında 25 günlük təlimə çağırılanların olması (misal üçün, 40 yaşlı Andranik Antonyan) bunu təsdiq edir; bu kontekstdə Ermənistanın təlim adı altında orduya 5 minə yaxın hərbçi cəlb etməsinin mümkün təxribata hazırlıq məqsədi daşıdığı istisna edilməməlidir;

Ermənistanın Azərbaycanla döyüşmək gücünün olmadığı bəllidir, lakin mövcud situasiyada sərhəddə təxribatlara əl ata biləcəkləri gözlənilən ssenarilərdəndir.

Belə bir təxribatla sərhəddə gərginlik yaradacaq Ermənistan hakimiyyəti bundan 4 kəndin qaytarılmasını əsaslandırmaq üçün istifadə edə bilər. Paşinyan Tavuş səfərində “kəndləri qaytarmasaq, müharibə olacaq” demişdi və bunu daxili ictimai rəydə ispatlamaq üçün kiçikhəcmli hərbi macəraya gedə bilərlər. Lakin bu, baş verən proseslərdə kiçik elementlərdən biridir. Əsas hədəfin Qərbin Ermənistanın təhlükəsizliyinə cəlb edilməsi olduğu istisna deyil.

Aprelin 5-də Brüsseldə keçiriləcək Ermənistan-Avropa İttifaqı-ABŞ formatındakı görüşün Qərb qüvvələrinin Cənubi Qafqaza girişi üçün qapıların geniş açılması məqsədi daşıdığı məlumdur. Bu görüş ərəfəsində, yaxud görüşdən sonra Azərbaycanla sərhəddə baş verə biləcək eskalasiya Qərb qüvvələrinin Ermənistanın “təhlükəsizliyinə” cəlb edilməsi üçün əsaslı arqument ola bilər. Eyni zamanda, belə bir eskalasiya Rusiyanın Ermənistandakı mövqelərinin “vurulması” ssenarisində də lazımlıdır.

Bu baxımdan, Ermənistanda ehtiyatda olan 5 min hərbçinin cəlb edildiyi hərbi təlimlər və Cənubi Qafqazda gözlənilən planlar fonunda Azərbaycanla sərhədə canlı qüvvə-hərbi texnikanın cəlb edilməsi xəbərləri mümkün təxribat hazırlığına dair gözləntiləri ön plana çıxarır.

Asif Nərimanlı

 

Bənzər yazılar

0.10535287857056