Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana cavab verdi

 06-04-2024

“Ermənistan tərəfinin son bir neçə gün ərzində müntəzəm şəkildə silahlı qüvvələrimizin bölmələrinə qarşı törətdiyi hərbi təxribatlardan, müxtəlif istiqamətlərdə hərbi qüvvələr cəmləşdirmək kimi addımlarından fikir yayındırmaq məqsədilə Ermənistan Xarici İşlər Nazirliyinin ölkəmizi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməkdə təqsirləndirməsi qəbuledilməzdir və onların bu iddialarının heç bir əsası yoxdur”.

Azərbaycan Xarici İşlər Nazirliyi belə bəyanatla çıxış edib.

“Azərbaycanla sərhədyanı bölgələrdə Ermənistan tərəfindən hərbi istehkamlar qurulmasının hərbi islahatlar ilə əlaqələndirilməsinə, bununla yanaşı, Ermənistan tərəfindən kütləvi silahlanma siyasətinin onların suveren hüququ olması barədə fikirlərə gəldikdə, məhz nəyə görə Ermənistan tərəfindən bu addımların atılmasının qeyri-legitim olduğu və ölkəmizə qarşı təhlükə yaratdığı hər kəsə aydın olmalıdır”, - deyə XİN bildirib.

Bəyanatda daha sonra qeyd olunub:

“Ermənistan Konstitusiyasında, habelə bir sıra qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar, revanşizm cəhdlərinin mövcudluğu ölkəmizə qarşı Ermənistandan irəli gələn təhdidlərin miqyasını nümayiş etdirir.

Bundan əlavə, Ermənistanda hərbi imkan olan zaman, bu ölkənin Azərbaycanın suveren ərazilərini 30 il ərzində işğal etdiyi nəzərə alınaraq, Ermənistana əlavə hərbi güc qazandırmaq səylərinin onların yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə şərait yaradacağı şübhə doğurmamalıdır.

Ermənistandan fərqli olaraq isə Azərbaycan tam hərbi üstünlüyü ilə suveren ərazilərini beynəlxalq hüquqa uyğun olaraq işğaldan azad etdi və Ermənistanın ərazilərinə qarşı təhdid törətmədi.

Qeyd edilən çağırışlar fonunda, müxtəlif bəhanələr gətirməklə Ermənistanın aqressiv silahlanması təhdid mənbəyidir və Ermənistana bu təhlükəli yoldan çəkinməyə çağırış edilməsi zəruridir.

30 il ərzində məhz tərəf olduğu beynəlxalq müqavilələr və silahlara nəzarət mexanizmləri çərçivəsində öhdəliklərini kobud şəkildə pozan, ərazilərimizin işğalı müddətində əksər hərbi texnikasını və silah sistemlərini ölkəmizin ərazisində qeyri-qanuni yerləşdirməklə onları beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlədən, bu gün dəfələrlə istinad etdiyi Alma-Ata bəyannaməsinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyən Ermənistan tərəfinin indi silahlara nəzarət və hücum etməmək paktı kimi qeyri-ciddi fikirlər səsləndirməsi siyasi manipulyasiyadır.

Ermənistan sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməlidir.

Azərbaycan öz növbəsində, bölgədə ona qarşı təhdidlərin qarşısını ciddi şəkildə alacaq, sülh və quruculuq səylərini davam etdirəcək”.

Bənzər yazılar

0.20141911506653