Bakıda arvadını öldürən Türkiyə vətəndaşı həbs edilmədi

 18-03-2024

Sumqayıtda arvadını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Türkiyə vətəndaşı Oğuzhan Baltanın məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə 2022-ci ilin mayında baş verib.

28 yaşlı Oğuzhan Balta və Duyğu Balta 10 il əvvəl evləniblər. Onların birgə nikahdan 3 övladları var. Oğuzhan 2021-ci ildə arvadı ilə birlikdə Azərbaycana köçüb, Abşeronda məskunlaşıblar. Eyni ildə Oğuzhanın bacısı da əri ilə birgə Azərbaycana köçüb.

Hadisədən bir müddət əvvəl Oğuzhanla Duyğu arasında müxtəlif məsələlərə görə mübahisə başlayıb. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində deyib ki, arvadını qısqanclıq səbəbindən öldürüb. Onun sözlərinə görə, bununla bağlı başlanan son mübahisə dəhşətli cinayətə gətirib çıxarıb. Oğuzhan Duyğunu 11 bıçaq zərbəsi ilə qətlə yetirib.

İş Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Məhkəmə istintaqı gedişində təqsirləndirilən şəxsin anlaqsız olduğu müəyyən edilib. O, hadisəni tam xatırlamayıb, sadəcə həyat yoldaşı ilə nə vaxt evləndiyini və hadisə gecəsi baş verənləri qismən yadına sala bilib.

Təqdim olunmuş sənədlər və şahid ifadələri əsasında təsdiq edilib ki, Oğuzhanın psixoloji problemləri olub. Bu səbəbdən dərmanlar qəbul edirmiş. Özü də məhkəmədəki ifadəsində qeyd edib ki, yuxusuzluqdan əziyyət çəkir, bəzi şəxslər gözünə görünür. Eşitdiyi səslərdə ona həyat yoldaşını öldürməli olduğu deyilib. Hadisə baş verən ərəfələrdə istifadə etdiyi dərmanlar da bitibmiş. Dediyinə görə, dərmanlar Türkiyədən gətirilməli idi.

Fəhmin Hümbətovun sədrlik etdiyi hakimlər heyəti bütün dəlil və sübutları tədqiq etdikdən, şahid ifadələrini dinlədikdən sonra təqsirləndirilən şəxsin hadisə baş verən vaxtı da, indi də anlaqsız olduğu qənaətinə gəliblər.

Qərara əsasən, Oğuzhan Balta cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə tətbiq ediləcək.

Bənzər yazılar

0.058980941772461