Prezident İlham Əliyevin İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü başlayıb

 16-03-2024

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.

Bu barədə AZƏRTAC xəbər verir.

Prezident İlham Əliyev geniş tərkibdə görüşdəbildirib ki, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadırlar.

“Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşayıblar. Bu möhkəm zəmin üzərində dövlətlərarası münasibətlər qurulub. Bizim ticarət dövriyyəmiz də artmaqdadır, artıq 900 milyon dollara yaxındır, keçən il təxminən 15 faiz artıb.

Gürcüstan hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində Gürcüstanda çox gözəl sərmayə iqlimi yaradılıb. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyublar. Təbii ki, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur”, - deyə dövlətimizin başçısı vurğulayıb.

“Nəqliyyat sahəsində yaradılan və yaradılacaq infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz nəqliyyat imkanları açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun artıq bir-iki aydan sonra genişləndirilmiş formada fəaliyyətə başlaması, hesab edirəm ki, böyük nailiyyətlərdən biridir.”, - deyə Azərbaycan Prezidenti bildirib.

Bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyətinin bir milyon tondan beş milyon tona çatdırılacağını xatırladan dövlətimizin başçısı qeyd edib:

“Eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüquq normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz. 

Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş və öz ərazi bütövlüyünü, suverenliyin bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüquq normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiə etmə hüququ tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək öz ərazi bütövlüyünü bərpa edib”, - deyə dövlətimizin başçısı bildirib.

Bənzər yazılar

0.058656930923462