Bu dövlət qurumunun fəaliyyəti dayandırıldı

 14-03-2024

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinə baxış zamanı müəssisənin yerləşdiyi binanın qəzalı vəziyyətdə olması aşkar edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı müvafiq akt tərtib olunub. Muzeyin yaşayış binasında yerləşdiyi nəzərə alınaraq fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, muzeylərin yerləşdiyi binalar və onların tutduğu sahələr muzeylərin balansına verilməlidir.

Bütün bunları nəzərə alaraq fəaliyyəti müvəqqəti olaraq dayandırılan Xalça Muzeyinin eksponatları Mədəniyyət Nazirliyinin tabeliyində olan Heydər Əliyev Sarayına köçürülüb. Yaxın zamanda burada Xalça Muzeyinin fəaliyyətini davam etdirməsi təmin ediləcək.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-27-ci illər üçün Dövlət Proqramı”nın Təfsilatlı Tədbirlər Planına əsasən, Naxçıvan şəhərində Muzey Mərkəzi yaradılacaq. Xalça Muzeyinin də həmin mərkəzdə fəaliyyət göstərməsi nəzərdə tutulub. Hazırda proqramın icrası ilə bağlı işlər davam etdirilir.

Bənzər yazılar

0.057717800140381