Faizli bank məhsullarından imtina edənlərin nəzərinə: alternativ yaradılır - ŞƏRH

 30-01-2024

Mərkəzi Bankın “Maliyyə sektorunun inkişafına dəstək strategiyası”nda (2024-2026) “sukuk” və digər İslam maliyyə məhsulları ilə bağlı hüquqi çərçivənin yaradılması və təşviq edilməsi nəzərdə tutulur.

Bəs ümumiyyətlə “sukuk” və İslam maliyyəsi nədir və onun tətbiqi effektiv olacaqmı?

İqtisadiyyat üzrə fəlsəfə doktoru, İslam bankçılığı üzrə ekspert Ruslan Atakişiyev “Ölkə.Az”a açıqlamasında bildirdi ki, “Sukuk” İslam qiymətli kağızları sayılır və kapital bazarlarında daha çox istifadə olunur. Ekspert “sukuk”u səhm və istiqrazla müqayisə edib:

“Hər hansı bir şəxs səhm alarkən şirkətdə pay sahibi olur və qazanılmış mənfəətdən dividend əldə edir. Bu da İslam prinsiplərinə görə halal sayılır. İstiqrazlar isə onun dəyəri üzərinə fiksə olunmuş faiz əlavə edir. Bu isə İslam şərtlərinə görə halal sayılmır və istifadəsi uyğun görülmür. Səhm alarkən həmin şirkətdə iştirak, səsvermə və maliyyə hesabatlarını tələb etmə hüququ yaranır. İstiqraz isə hər hansı hüquq yaratmır. İslam “sukuk”ları isə alınma şəklinə görə istiqraza bənzəyir və sahibində qərarvermədə iştirak hüququ yaratmır. Şəxs “sukuk” alaraq müəssisəyə şərik olur və sonda gəlirdən pay əldə edir. “Sukuk”lar istehsal, sənaye, ticarət, kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyət daşıyır”. 

Ekspert İslam maliyyəsinin bir sıra alətlərinin olduğunu vurğulayıb: “Məsələn, öz maliyyəsi olmayan şəxslər ortaq olaraq vəsait əldə etməklə heç bir faiz ödəmir və ortaqlıq şərtləri ilə sonda gəlir əldə edir. Yaxud hər hansı məhsulu ala bilmirssinizsə, sizə hissə-hissə ödəmə şərtilə vədəli olaraq satıla bilir”.

R. Atakişiyev Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə İqtisadi Resursların Öyrənilməsi ictimai birliyi tərəfindən Azərbaycanda İslam maliyyəsinin tətbiqi ilə bağlı 1000 sahibkar arasında araşdırma aparıldığını və yüksək nəticə əldə olunduğunu deyib: “Onların 82%-i İslam maliyyəsinin tətbiqi halında bundan istifadə etməkdə maraqlı olduqlarını bildiriblər. Araşdırmalarda, Azərbaycanda İslam maliyyəsi açıldığı zaman onun orta hesabla 800 milyon – 1 milyard 200 milyon manat hədlərində dövriyyəsi olacağı gözlənilir. Bu isə maliyyə bazarında 10%-ə yaxın əlavə mənbənin yaranması deməkdir. Bu gün İslam maliyyəsinə maraq göstərən kütlə faizli bank xidmətlərindən istifadə etmirlər. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının inkişafında da bu maliyyənin cəlbi böyük əhəmiyyət kəsb edər”.

Azərbaycanda İslam maliyyəsinin inkişafı üçün İslam bankçılığı, qiymətli kağızlar, sığorta, lizinq, mikromaliyyələşmə sahəsində qanunvericilik bazası yaradılmalıdır. Bu gün müvafiq araşdırmalar aparılaraq təkliflər verilib və hökumət bu sahədə ardıcıl tədbirlər görməlidir. Qanunvericilik bazası təkmilləşdirildikdən sonra Mülki Məcəllə, Vergi Məcəlləsi, “Banklar haqqında” qanunda bir sıra islahatların aparılmasına, Nazirlər Kabinetinin normativ aktlarına ehtiyac var. Bundan sonra kompleks olaraq bu sahənin inkişafı üçün yol xəritəsi hazırlanmalıdır”, - deyə ekspert əlavə edib.

Könül
Ölkə.Az      

 

Bənzər yazılar

0.22034096717834