Qərbi Azərbaycan Xronikası: Ərtikdə türk izlərinin itirilməsi planı - VİDEO

 24-01-2024

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə fitnəkar erməni siyasətinin düşünülmüş qurbanı olan rayonlardan biri - Ərtik rayonu haqqında süjet hazırlanıb.

Oxu.Az xəbər verir ki, “V əsrə aid türk-xristian məbədinin mövcud olduğu məkan” adlı süjetdə XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan ərazilərinə ermənilərin süni şəkildə yerləşdirilməsindən sonra xalqımıza məxsus şəhər və kəndlərin izinin itirilməsi prosesinə başlanıldığı, bunun nəticəsində yüzlərlə mədəniyyət, dini abidələrin dağıdıldığı, mənimsənildiyi və vandalizmə məruz qaldığı vurğulanır.

Bildirilir ki, Ərtik rayonu Qərbi Azərbaycanın, indiki Ermənistanın Şörəyel mahalı ərazisində Alagöz dağının şimal-qərb ətəyində yerləşir. Ərtik yaxınlığında eramızdan əvvəl XIV-XI əsrlərə aid katakombaların aşkar edilməsi bu məkanın qədimliyini göstərir. Ərtik İrəvan quberniyasının Gümrü-Aleksandropol qəzasında, indiki Artik rayonunda kənd adı kimi də tanınıb.

Həmin qəzada XIX əsrin axırlarında Ərtik adlı kənd xarabalığı da mövcud olub. 1728-ci il Osmanlı icmal dəftərində adı qeyd edilən Ərtik Şörəyel mahalının mərkəzi sayılıb və əhalisi Azərbaycan türklərindən ibarət olub. 1804-cü ildə rus qoşunlarının bu ərazini işğal etməsindən sonra yerli müsəlman-türk əhalisinin başqa yerlərə böyük köçü başlayıb. 1878-ci ildə Azərbaycan türkləri bu ərazidən tam qovulub və ermənilər yerləşdirilib. Şörəyel mahalının Rusiya tərəfindən işğal olunmuş hissəsi 1920-1930-cu illərdə Ermənistan SSR rayonlaşdırılarkən 3 inzibati rayona – Düzkənd, Agin və Ərtik rayonlarına bölünüb. Rayon ərazisində Şirvancıq kəndində V əsrə aid Şirvancıq türk-xristian məbədi, Qıpçaq kəndində 1201-ci ildə tikilən qədim Qıpçaq türk qalası və Qıpçaq məbədi də mövcuddur.

Diqqətə çatdırılır ki, 1946-cı il mayın 31-də kəndin türkcə Qıpçaq adı dəyişdirilərək Ariç, məbədin adı isə Ariçavəng qoyulub: “Məbədin yerləşdiyi Qıpçaq kəndi qədimdən türk-oğuz boylarının ana yurdu olub. Bu yerlərə ermənilərin ilk kütləvi axını XIX əsrin əvvəllərində bölgənin Rusiya imperiyası tərəfindən işğalından sonra başlayıb. Haylar bura İrandan və Türkiyədən köçürülüblər. 1930-cu il sentyabrın 9-da yaradılan Ərtik rayonu 1995-ci ilədək indiki Ermənistanın tərkibində inzibati-ərazi vahidi olub. Ermənilər ərazisi 632 kvadrat kilometr olan bu rayonu Artik adlandırıblar. Ərtik 1945-i ildən respublika tabeli şəhər olub. Rayon 1962-ci ildə ləğv olunub, lakin 1964-cü ildə yenidən bərpa edilib. 1995-ci ildə Ermənistanın yeni inzibati-ərazi bölgüsünə keçidi zamanı rayon ləğv olunaraq Şirak mərzliyinin tərkibinə daxil edilib. Ümumilikdə, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə rayon üzrə 31 tarixi yer adı dəyişdirilib”.

Sonda vurğulanır ki, qədim türk torpağı olan Ərtik rayonunun çox zəngin tarixi, burada yaşamış azərbaycanlı əhalinin dərin kökü və irsi var: “Məhz bu irsi qoruyub saxlamaq, yaşatmaq üçün mənfur ermənilərin özlərinə məkan saydıqları tarixi oğuz yurdlarına qayıtmaq vacib şərtdir və hər bir Qərbi azərbaycanlının mənəvi borcudur”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Ətraflı Baku TV-nin süjetində:

Bənzər yazılar

0.16079688072205