Bir neçə gün öncə (17-03-2022) saytımızda "Eldar Əzizovun nəzərinə: Bakı şəhərində memarlıq normaları belə pozulur - FOTOFAKT" başlıqda dərc olunan yazıda Xətai rayonunda, Ukrayna dairəsinin yaxınlığında, Gəncə prospekti 2-də fəaliyyət göstərən “El Chacho” restoranınin yanında tikintisinə başlanılmış obyekt barədə məlumat ictimailəşmişdi.
Yazı da qeyd edilirdi ki, adı çəkilən ərazidə xeyli sayda şam ağacı kəsilib, yerində yeni obyekt tikilir. Avtobus dayanacağının arxasında aparılan bu obyektin tikintisinə rəyi kim verib və memarlıq normalarına uyğun aparılırması ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə yazılı sorğu göndərilmişdi.
Xətai rayonunda, Ukrayna dairəsinin yaxınlığında, Gəncə prospekti 2-də fəaliyyət göstərən “El Chacho” restoranınin yanında tikinti ilə bağlı Xətai rayon İcra Hakimiyyətindən redaksiyamıza açıqlama göndərilib.
Xətai rayon İcra Hakimiyyətinin Ukrayna dairəsinin yaxınlığında, Gəncə prospektində yerləşən qeyri-yaşayış obyekti (El-Chacho) haqqında məlumatda bildirilib ki, sözügedən ictimai iaşə obyekti Xətai rayon İcra Hakimiyyəti başçısının 29.01.2015-ci il tarixli, 24 saylı sərəncamı ilə 2 saylı binanın yaxınlığında qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilmişdir:
"Obyektlə bağlı müvafiq orqanların (AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “AZƏRDÖVLƏTLAYİHƏ” Dövlət Baş Layihə İnstitutunun Mühəndis-Geoloji Mərkəzinin 30 oktyabr 2014-cü il tarixli, həmin agentliyin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 23.06.2016-cı il tarixli, AR FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin 18 noyabr 2015-ci il tarixli, AR Təbii Sərvətlər və Ekologiya Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 17.06.2016-cı il tarixli rəyləri mövcuddur.
Həmin obyektin tikintisinə 2015-ci ildə başlanılmış, 2017-ci ildə isə başa çatmışdır. 2018-ci ildən etibarən ictimai – iaşə obyekti kimi fəaliyyət göstərir."