Eldar Əzizovun nəzərinə: Bakı şəhərində memarlıq normaları belə pozulur - FOTOFAKT

 17-03-2022

Bir neçə gün öncə mediada Eldar Əzizovun Bakı şəhərindəki qanunsuz tikintilərlə bağlı icra başçılarına ciddi xəbərdarlıq etməsi ilə bağlı məlumat yayıldı.

Həmin məlumatda qeyd edilirdi ki, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) müşavirə keçirilib və icra başçılarına ciddi xəbərdarlıq edilib:

"Bakı şəhəri ərazisində qanunsuz tikintilərlə bağlı vəziyyət və bu halların qarşısının alınması məsələləri paytaxt rayonlarının icra hakimiyyəti başçıları və müvafiq təsərrüfat strukturları rəhbərlərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə müzakirə edilib.

Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov martın 3-də Prezident İlham Əliyevin çıxışı zamanı Bakı şəhərində qanunsuz tikintilərlə bağlı tutduğu iradlar və bu neqativ halların qarşısının alınması ilə bağlı verdiyi tapşırıqlar barədə məlumat verib.
 
Bildirilib ki, son vaxtlarda rayon İcra Hakimiyyəti başçılarına qanunsuz tikililərlə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı dəfələrlə tapşırıqlar verilib, buna baxmayaraq rayon icra hakimiyyətləri başçıları, onların aparatının məsul əməkdaşları bu vacib məsələni daimi nəzarətdə saxlamayıb və nəticədə ərazidə qanunsuz tikintilərin artmasına şərait yaranıb.
 
Müşavirədə paytaxt ərazisində aparılan monitorinq zamanı aşkar edilən qanunsuz tikililər barədə video film nümayiş etdirilib.
 
Toplantıda paytaxtın hər bir Rayon İcra Hakimiyyəti başçısının rayon ərazisindəki bütün məsələlərlə bağlı şəxsi məsuliyyət daşıdıqları vurğulanıb və bildirilib ki, RİH-nin qanunsuz tikintilərə qarşı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma Nəzarəti şöbəsi ilə birgə fəal əməkdaşlıq etməlidirlər."


Son iki ildə Bakı şəhərində qanunsuz yollarla zəbt edilmiş torpaq sahələrində, yaşıllıqları məhv edərək, memarlıq normalarına uyğun aparılmayan tikinti işləri barədə yüzlərlə məlumat tapmaq mümkündür.

Xüsusilə qeyd etmək istərdik ki, 2018-ci ildə Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra bu kimi hallar daha da artmağa başlayıb. Bakının ayrı-ayrı rayonlarında yaşıllıqlar məhv edilir, yerində müxtəlif təyinatlı obyektlər tikilir.

Amma bunun qarşısını almaq məqsədi ilə Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni funksiyalar və səlahiyyətlər verdi ki, Komitənin razılığı olmadan heç bir bina tikilə bilməz. Amma görün memarlıq normalarına uyğun olmayan obyektlər necə tikilir.

Aktualinfo.org bir neçə gün əvvəl Xətai rayonunda, Ukrayna dairəsinin yaxınlığında, Gəncə prospekti 2-də fəaliyyət göstərən “El Chacho” restoranınin yanında tikintisinə başlanılmış obyekt barədə məlumat yaymışdı. Aşağıda diqqətinizə çatdırdığımız şəkillər də sözügedən ərazidən çəkilib.

Şəkillərdən də görsəndiyi kimi, ərazidə xeyli sayda şam ağacı kəsilib, yerində yeni obyekt tikilir. Avtobus dayanacağının arxasında aparılan bu obyektin tikintisinə rəyi kim verib və memarlıq normalarına uyğun aparılırmı?

tikili

Ötən yazıda qeyd etdiyimiz kimi ötən ilin avqust ayında Prezident İlham Əliyev Xətai rayon ərazisində, Ukraina dairəsinin yaxınlığında yeni ASAN xidmətin açılışını etdi. Həmin ASAN xidmətin yaxınlığındakı, Gəncə prospekti 2-də fəaliyyət göstərən “El Chacho” restoranın sahibi sanki prezidentin buraya gəlib, getməsini gözləyirmiş.

Deyilənlərə görə dəfələrlə icra hakimiyyətinin dəhlizində Sabir müəllimin sənədinin gecikməsi müzakirə olunanda hamı “acılışdan sonraya qaldı” deyirmiş. Elə də olur. Yuxarıda göstərdiyimiz ünvanda yeni ASAN xidmətin açılışından bir qədər sonra “El Chacho” restoranın ətrafında ağaclar yavaş-yavaş seyrəlməyə başlayır.

tikili1

Məlum olur ki, seyrələn ağacların yerində “El Chacho” restoranın sahibi əlavə məkan tikməyə başlayır. Qeyd edək ki, ərazidə tikilmiş və yavaş-yavaş genişlənən restoran daha əvvəllər də yaşıllıqlarin məhv edilməsi hesabına inşa edilib. Və o dovrün peyk şəkillərinə baxılsa həmin yaşıllıqda necə illik şam ağaclarının məhv edildiyi aşkar olunar.

Məlumatlara görə restoranın sahibi Sabir adlı şəxs keçmiş Baş prokuror Zakir Qaralovun yaxın adamlarından olub Xətai rayonundakı bir çox işlərinə ortaqlıq edən məhşur iş adamıdı. Restoranın tikilərək ərsəyə gəldiyi dövrlərdə ona Zakir Qaralov arxalıq edib. Zakir Qaralov Baş prokurorluqdan getdikdən sonra şəriklərinin durumunun ağır olduğu bildirilsə də, “El Chacho” restoranın sahibinin timsalında bunun heç də belə olmadığı görsəndi. 

Qeyd etdiyimiz kimi O, “El Chacho”- nun ərazisini yaşıl soyqırım həyata kecirməklə genişləndirir. Deyək ki, əvvəllər ona Zakir Qaralov  himayədarlıq edib. Bəs indi?

tikili2

İndiki mənzərə də göz qabağındadır. Prezident İlham Əliyev hələ 8 yanvar 2020-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar Anar Quliyevi qəbul edərkən tapşırmışdı ki, “Rayon icra hakimiyyəti orqanları Komitədən razılıq almadan heç bir binanın tikilməsinə icazə verə bilməzlər.” 

Martın 3-də Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən isə Prezident İlham Əliyev bildirdi ki, “Biz buna imkan verməyəcəyik, qanunsuz tikililərə son qoyulmalıdır. Bu məsələyə nəzarət edən bütün orqanlar bu işlərə çox ciddi yanaşmalıdır – Bakı Şəhəri İcra Hakimiyyəti, Bakı şəhərində yerləşən rayonların icra başçıları.”

Belə olan halda Prezident İlham Əliyevin iradəsinin əleyhinə olaraq Xətai rayonunda, Gəncə prospekti 2-də fəaliyyət göstərən “El Chacho” restoranın sahibinə memarlıq normalarına uyğun olmadan, yaşıllıqları məhv edərək yerində obyekt tikməyə kim rəy verib, kim icazə verib? Təbii ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdan başqa heç kim?

Mənbə Aktualinfo.org

Bənzər yazılar

1.3101389408112