Yasamal rayonunda Kazım Kazımzadə küçəsində yerləşən yaşayış bina qara rəngdə boyanıb. Binanın fəsadının bu cür boyanması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bəzi sosial şəbəkə istifadəçiləri bildirib ki, binanın fasadı tez-tez çirklənməsin deyə, qara boya ilə rənglənib. Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən yaşayış binasının bu rəngdə boyanma səbəbi məlum deyil.
Binada yaşayan sakinlərdən biri açıqlamasında bildirib ki, binanın fasadının təzələnməsi barədə qərarı sakinlər özləri verməyib:
“Yasamal Rayon İcra Hakimiyyətinin açıqlaması düzgün deyil. Sakinlər binanın qara rəngə boyanması üçün heç bir təşəbbüs göstərməyib. Binamız ilə üzbəüz çoxmərtəbəli bina tikilir. Onlar öz hesabına binamızı da qara rəngdə boyayıblar. Həmin Mənzil Tikinti Kooperativinə də (MTK) Yasamal Rayon İcra Hakimiyyətinin memarı göstəriş verib. Sakinlər binanın bu rəngdə olmasına razı deyil”.
Yasamal Rayon İcra Hakimiyyəti ərazidə yerləşən binanın fəsadının qara rəngə boyanması ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Qurumdan bildirilib ki, rayonun Kazım Kazımzadə küçəsində yerləşən bina Mənzil Tikinti Kooperativinə (MTK) aiddir: “Bina Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında deyil. Binanın fasadının təzələnməsi barədə qərarı sakinlər özləri veriblər. Bina sakinlərinin fasadın rəngi ilə bağlı ümumi qərarı onların seçimi olub və müvafiq iş onlar tərəfindən həyata keçirilib”.
“Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri müvafiq MTK rəhbərliyi ilə əlaqə saxlayıb və binanın fasad rənginin şəhərin ümumi görünüşünə uyğun olmadığına dair öz iradını bildiriblər”, - deyə qurumdan qeyd edilib.
Mənbə oxu.az