Ermənistan separatçıları dəstəklədiyini QƏBUL EDİB: Qriqoryanın bəyanatının PƏRDƏARXASI

 20-07-2022

“Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan sentyabr ayınadək Qarabağdakı silahlı birləşmələrin çıxarılmasıyla bağlı fikir söyləyib. Ancaq o fikir ermənisayağıdır. Çünki 44 günlük müharibə ərzində işğalçı qüvvələr darmadağın edildi, qalanları isə Azərbaycan ərazisindən çıxarıldılar. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə isə separatçı rejimə məxsus silahlı ermənilər qalıblar. Ona görə də düşünürəm ki, Qriqoryanın “Qarabağda Ermənistan ordusunun hərbi hissəsi var” deməsi bəyannaməyə ziddir”.

Bunu Oxu.az-a açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov deyib. 

Prezident İlham Əliyev ilin birinci yarısının yekununa dair müşavirədə Rusiyanın iyun ayının sonunadək erməni silahlı birləşmələrini Qarabağdan çıxarmasıyla bağlı öhdəliyini yerinə yetirməməsinə narazılığını bildirdi. Daha sonra isə XİN rəsmilərinin Tbilisi görüşünün nəticələrinə uyğun olaraq müvafiq addımlar atılacağını diqqətə çatdırdı. Vəziyyətin ciddiyətini anlamağa başlayan İrəvan isə hərbi birləşmələrinin çıxarılacağına dair bəyanat verdi. Lakin Qriqoryan çıxışı zamanı bu qalıqların məhz 44 günlük savaşda əraziyə yerləşdirildiyini deyib.

Halbuki separatçı qüvvələr Qarabağda müharibədən əvvəl də qondarma rejimin başçısı Araik Arutyunyanın idarəçiliyi altında fəaliyyət göstərməkdəydilər. Görünən odur ki, Ermənistan separatçıları ordusunun tərkib hissəsi kimi göstərməklə keçən dövr ərzində onların əsas təminatçısı olduğunu etiraf edir.

Məsələyə münasibət bildirən hərbi ekspert Şair Ramaldanov qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi ilə bağlı məsələnin dördüncü bənddə əksini tapdığını və lazım gələrsə, icra ediləcəyini bildirib:

“Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində tərk-silah edilməmiş ermənilərin olmasıyla bağlı Prezident İlham Əliyev müşavirədə narazılığını ciddi şəkildə bildirdi. Noyabr bəyannaməsinin dördüncü bəndini həyata keçirməklə bağlı öhdəlik götürən Ermənistan və Rusiya bu xəbərdarlıqdan sonra müəyyən reaksiyalar verməliydilər. Biz  hazırda o reaksiyaları görürük. Azərbaycan ərazisindəki həmin silahlılar qanunlarımıza tabe olmayan qüvvələrdir. Ona görə də Qriqoryanın “Qarabağda Ermənistan ordusunun hərbi hissəsi var” deməsi bəyannaməyə ziddir.

Digər tərəfdən isə onunla belə razılaşmaq olar ki, həmin silahlıların təminatı məhz Ermənistan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilib, buna görə də onları belə qələmə verirlər. Düşünürəm ki, bu, Azərbaycan üçün ciddi məsələdir, ərazimizdə razılaşdırılmayan heç bir silahlı qurum ola bilməz. Biz onları terrorçu adlandıra bilərik”.

Ramaldanov qeyd edib ki, bölgədəki separatçılar tərk-silah olduqdan sonra şərtlərimizi qəbul edərlərsə, ərazidə qala bilərlər: 

“Məsələ Azərbaycanın xeyrinə həllini tapacaq. Sülhün bərqərar edilməsi və digər proseslərin aparılması üçün bu, vacibdir. Bundan sonra bütün məsələlər Azərbaycanın maraqlarına uyğun həyata keçirilə bilər. Belə olacağı təqdirdə oradakı erməni əhaliyə də təzyiq azalacaq və digər məsələlər də razılaşdırılmış şəkildə inkişaf edəcək”.

Millət vəkili Arzu Nağıyev də Qriqoryanın absurd bəyanat verdiyi düşüncəsindədir:

“Onun dediklərində heç bir həqiqət yoxdur. Əsas məsələ odur ki, Üçtərəfli Bəyannamədə, buna kapitulyasiya aktı da demək olar, birmənalı şəkildə göstərilib ki, ərazidə olan qeyri-qanuni erməni hərbi birləşmələri oradan çıxarılmalıdır. Qarabağ ərazisində quldurbaşı Araik Arutyunyanın rəhbərlik etdiyi separatçı quruma tabe olan qoşunlar da buranı mütləq tərk etməlidir.

Bəs bunun məhz sentyabr ayında edilməsinə səbəb nədir? Çünki artıq bu çağırışda Ermənistandan əraziyə çağırışçılar gətiriliblər, gələn çağırışdan, yəqin, onları gətirmək istəmirlər. Bəlkə də, sadəcə, vaxtı uzadırlar. Üçtərəfli Bəyannaməyə imza atmış hər bir dövlət öz imzasına hörmətlə yanaşmalıdır. Əks halda, Azərbaycan heç bir beynəlxalq hüququ pozmadan antiterror əməliyyatı keçirməklə ərazimizdən həmin hərbi birləşmələri qova bilər. Ermənilər sadəcə status-kvonu saxlamaq üçün mövcud vəziyyətdən istifadə edirlər. Onlar qanunazid hərəkət göstərirlər”.

Politoloq hesab edir ki, Ermənistanın bu bəyanatı verməsində xarici işlər nazirlərinin Tbilisi görüşünün də mühüm rolu olub:

“Görüşdə bu məsələyə mütləq toxunulub. Çünki 10 Noyabr sazişində böyük köçün həyata keçirilməsi, sülhün bərqərar olması üçün ən ciddi şərtlərdən biri qanunsuz Ermənistan hərbi birləşmələrinin ərazidən çıxarılmasıdır. Buraya həm Ermənistanın öz ordusu, həm də quldurbaşı Araik Arutyunyanın nəzarətində olan terror dəstələri daxildir.

Sentyabr ayınadək Ermənistan ordusunun əsgərlərinin çıxarılmasını gözləyə bilərik. Çünki bu proseslər həm sülh sazişinin imzalanmasına, həm də delimitsiya və demarkasiyaya zərbə vura bilən ən ciddi amillərdir”.

Sayad Həsənli

Bənzər yazılar

0.19400501251221