Küləkdə damı uçan şəhid ailəsinin evi niyə 3 AYDIR TƏMİR EDİLMİR?

 19-07-2022

“Aprel ayının 12-də güclü külək nəticəsində evimizin üstü uçub-dağıldı. Üstündən 3 ay keçib, amma evin üstü hələ də o vəziyyətdə qalır. Bu evdə yaşlı qadın, körpə uşaq yaşayır”.

Bu şikayətlə Qafqazinfo-ya Bərdə rayonunun Cəyirli kəndindən olan ikinci Qarabağ müharibəsi şəhidi Səid Ədilovun ailəsi müraciət edib.

Şəhidin atası Həsən Ədilov qəzalı evdə yaşadıqlarını bildirir: “3 aydır bax, elə bu qəzalı, üstü olmayan evdə yaşayırıq. Yaşlı anam da bu evdə qalır, qızımın balaca övladı da... Müraciət etmədiyim yer qalmayıb. Amma hələ də səs-soraq yoxdur”.

Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə ünvanlanan sorğuya belə cavab verilib: “Hadisə baş verən vaxt şəhid ailəsi İcra Hakimiyyətinə müraciət edib və qurumdan onlara bildirilib ki, evin üstünün sökülən hissəsi üçün 40-50 ədəd “şifer” lazımdır. O ailəyə təklif olundu ki, lazım olan qədər “şifer” alıb verək, usta da göndərək təmir edilsin. Ancaq həmin ailə dedi ki, evin üstü ümumi götürülsün, təmir olunsun. Bunun üçün də bizdə o qədər vəsait yox idi. Bundan sonra İcra Hakimiyyətindən YAŞAT Fonduna müraciət olundu. Fond tərəfindən ailənin evinin təmiri üçün birinci dəfə 5 min manat pul ayırıldı”.

Qurumdan verilən məlumata görə, bundan bir müddət keçdikdən sonra şəhid ailəsi yenidən müraciət edib: “YAŞAT Fondu tərəfindən həmin ailənin 1300 manatadək kredit borcu bağlanıldı. Yenidən ailə bir də İcra Hakimiyyətinə müraciət edəndə onların ərizəsini Fövqəladə Hallar Nazirliyinə göndərdik. İş indi baxılması üçün onlardadır. Bununla bərabər qurumumuz tərəfindən YAŞAT Fonduna yenidən müraciət etmişik. Fond onlara 1000 manat verib”.

Şikayətlə əlaqədar Fövqəladə Hallar Nazirliyininin Mətbuat xidmətindən mövzu ilə bağlı belə açıqlama verilib: “Bərdə rayonunda baş vermiş güclü külək nəticəsində rayonun Cəyirli  kənd sakini, Vətən müharibəsinin şəhidi Səid Ədilovun atası Həsən Zülfü oğlu Ədilova məxsus fərdi yaşayış evinin dam örtüyünə ziyan dəyməsi ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətindən daxil olmuş müraciətə Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılıb. Yaxın günlərdə həmin evin dam örtüyünün bərpası üçün zəruri olan tikinti materialları aidiyyəti üzrə Bərdə Rayon İcra Hakimiyyətinə təhvil veriləcək”.

Qeyd edək ki, Səid Ədilov 2 oktyabr 2020-ci ildə Suqovuşan döyüşləri gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Bərdə Şəhidlər Xiyabanında dəfn edilib.

Bənzər yazılar

0.19691705703735