İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi milyonları hara xərcləyib? - 2 ildə 8,8 milyon manat zərər...

 17-11-2023

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2022-ci il üzrə maliyyə hesabatlarına nəzər saldıqda görürəm ki, dövlət büdcəsindən agentliyə 6.8 milyon manat ayrılıb. Agentlik 3.7 milyonunu inzibati xərclərə verib. İl üzrə 4.6 milyon manat zərər edib. Yatırdığı investisiyalardan isə cəmi 8 min manat gəlir qazanıb. Özəl sektor zad iş deyil, ciddi deyirəm, büdcələrə adam baxıb heyran olur. Bu 6.8 milyon manata neçə startapa investisiya etmək olardı? Əslində dövlət kiçik sahibkarlıq və startapların inkişafına ciddi büdcələr ayırır, amma gəl ki...”- bunu biznes konsultant Nicat Manafov öz “Facebook” hesabında yazıb.

Valyuta.Az-ın verdiyi xəbərə görə, paylaşım sosial şəbəkədə geniş müzakirəyə yol açıb.

Audit edilmiş maliyyə hesabatına görə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) 2022-ci ildə cəmi gəlirlərini illik müqayisədə 25%-dən çox artırmaqla 118 min manata çatdırıb. Bununla belə, dövlət agentliyinin inzibati xərcləri daha 15% artaraq 3 mln. 777 min manata yüksəlib. Beləliklə, bütün gəlir və xərclər fərqindən sonra 4 mln. 625 min manat zərər edib. Agentliyin 2021-ci il üzrə zərəri isə 4 mln. 163 min manat idi. Yəni, Agentlik yarandığı ilk iki ildə 8,8 milyon manat zərərə edib.

İRİA-nın mətbuat şöbəsindən Valyuta.az-ın mövzu ilə bağlı sorğusunu belə cavablandırıb:

“Agentliyin kommersiya fəaliyyətindən olan gəliri 2022-ci ildə 118 min manat təşkil edib. Bu da ötən ilə nisbətdə 25% artım deməkdir. 2022-ci ildə agentliyin xalis pul vəsaitləri 2021-ci illə müqayisədə 3 milyon manata yaxın artaraq 31.4 milyon manat təşkil edib. Agentliyin fəaliyyətinin genişlənməsi ilə əlaqədar ümumi xərclərdə də 11% artım müşahidə edilib”.

Xərclərin artmasına gəldikdə isə agentlikdən bildirib ki, İRİA proqram təminatının inkişafı üçün böyük sərmayə qoyub: “Bütün fəaliyyətlər ən son qlobal texnologiya təcrübələri və standartlarına uyğun olaraq həyata keçirilir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi insanlara və proqram təminatının inkişaf etdirilməsi imkanlarına böyük sərmayə qoyub. İRİA-nın xərc bazasının 13%-i amortizasiya xərcləri kimi təsnif etdiyimiz xərclərə aiddir. Digər xərclər isə yuxarıda sözügedən rəqəmsallaşdırma prosesinini həyata keçirəcək düzgün kadrlara sərmayəni təşkil edir”.

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nizamnaməsinə əsasən, hökumət, biznes və vətəndaşlar arasında qarşılıqlı əlaqə proseslərinin rəqəmsallaşdırılması əsas öhdəliklərdəndir.  Bu, Azərbaycan üçün strateji,  gələcək üçün önəmli inkişaf layihəsidir və İKT sənayesi üçün də yeni iş yerləri və imkanlarının yaradılması üçün əsas zəmindir”, - deyə agentlikdən bildirilib.

 

Nicat Manafov isə Valyuta.az-a bildirib ki, agentlik büdcəsindən startaplara dəstək üçün maliyyə ayırsa, daha faydalı olar: “2022-ci ildə olduğu kimi bu il də büdcəni təlimlər və tədbirlər keçirtməyə yönləndiriblər. Pulu daha çox bu istiqamətdə xərcləyirlər. Bunun da heç bir faydası olmadığını illərdir görürük. Bu mexanizm nə dünyada, nə də inkişaf etməkdə olan ölkələrdə yoxdur. Çünki işlək mexanizm deyil. Düşünürəm ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi istiqaməti fayda gətirəcək işlərə yönləndirməlidir. Büdcələrini birbaşa startaplara yönləndirib, onlara dəstək ola bilərlər. Çünki startapların dəstəyə ehtiyacı var”.

Qeyd edək ki, İRİA Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb.

Əsasnaməyə görə, İRİA ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət etməli, nüvə elmi və texnologiyalarının sınaq təcrübələrini aparmalı, fiziki və hüquqi şəxslərin innovasiya yönümlü elmi-tədqiqatlarına və innovativ layihələrinə (Startapları) dəstək verməli, müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərərək ölkədə İKT sahəsində əlçatan təhsil və karyera imkanlarını təmin etməli, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin qurulması və təşkilini həyata keçirməlidir.

Nuray

Bənzər yazılar

0.23054194450378