Quba rayonunun İkinci Nüqadi kəndi ərazisində faəliyyət göstərən “Macara Club, Tourisim, Hospitality Management” MMC ekaloji tələbləri pozduğuna görə məhkəməyə verilib.
32gun.az xəbər verir ki, MMC-yə qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə Ətraf Mühitin Mühafizəsi, Təbiətdən Istifadə Və Ekoloji Təhlükəsizlik Qaydaları Əleyhinə Olan İnzibati Xətalar - 247.2 maddəsi ilə cinayət işi açılıb.
Quba rayon Məhkəməsində hakim İlqar Məmmədov - sədrliyi ilə baxılır.
Bildirək ki, sözügedən MMC-nin qanuni təmsilçisi Faiq Məmmədov Ağabağa oğludur. Nizamnamə kapitalı 1 mln 700 min manat olan “Macara Club, Tourisim, Hospitality Management” MMC 2016-cı ildə fəaliyyət göstərir.
Bu ilin aprel ayında Quba rayonunun İkinci Nüqadi kəndi ərazisində faəliyyət göstərən “Macara Club, Tourisim, Hospitality Management” MMC ilə bağlı qanunsuz əməllərin üstü açılıb. Məlum olub ki, “Macar” istirahət mərkəzi Nüqədi kəndi ərazisində 600-a yaxın ağacı qırıb. Bundan başqa, “Bulaqdərə” su anbarının üstündə yerləşən “Macara”nın rəhbərliyi gölü qurutmağa başlayıblar. Belə ki, təqdim olunan foto və videodan da göründüyü kimi, 15 hektar ərazisi olan gölün içərisinə doğru təxminən 47 metr məsafədə torpaq doldurulub. Hazırda ərazidə işlər dayandırılıb.
Ərazi hasara alındığı üçün hətta kənd sakinləri belə gölün ətrafına yaxın düşə bilmirlər. Gölə daxil olmaq üçün 10, göldən balıq tutmaq üçün isə əlavə 15 manat tələb olunur. Hətta buna görə bəzən qəbz də verilir.
Bir müddət əvvəl kənd sakinləri moderator.az-a bildiriblər ki, şikayətlərdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi əraziyə baxış keçirib və ağacları kəsdiyi üçün “Macara” MMC-yə cərimə yazıb. Lakin proses davam edir və hər gün ağaclar qırılır.
“Macara” rəhbərliyinin gücü o qədərdir ki, ətrafdakı torpaq sahiblərinə müxtəlif üsullarla təsir göstərərək əraziləri dəyər-dəyməzinə ələ keçirirlər.